Şriftin ölçüsü :

Saytın rəngi :

“Cənab Prezidentin səfəri böyük “Qarabağ Uvertürasının” ilk akkordlarıdır”

19 noyabr 2020 | 16:00

Müharibənin bitməsindən qısa müddət sonra cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın müharibənin qaynar fazasının yer aldığı ərazilərə səfəri cəsarətli və qorxmaz addım idi. Bu addım ilə cənab Prezident Azərbaycan xalqının qəhrəmanlıq əzmini göstərdi. Unutmaq olmaz ki, qələbə qazanmağımızda ən böyük faktor xalq-iqtidar birliyinin möhkəmliyi idi. Bu qələbə xalqın liderinə olan inamının, liderin xalqına olan sonsuz sevgisinin təzahürü idi. Bu qələbə xalqın səbrinin mükafatı, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsidir.

Cənab Ali Baş Komandanın çıxışları zamanı səsləndirdiyi fikirlər bu gün hər bir Azərbaycan gəncinin mayakına çevrilib. Cənab Prezident Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi addımlar atılacağını qeyd etmişdir. Bu gün Qarabağın cənub hissəsindən keçərək Şuşaya gedən magistral, respublika əhəmiyyətli yolların çəkilməsinə belə tezliklə və sürətlə başlanılması əslində regionun gələcək inkişaf tempini göstərir. Xudafərin körpüsü və Araz çayına xitabən “dostluq sərhədi” ifadəsi də cənab Prezidentin regionda sülhün və əməkdaşlığın bərqərar olunacağına əminliyindən xəbər verir.
Cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın tarixi əhəmiyyətə malik Xudafərin körpüsünün ətrafına səfəri və orada dövlət bayrağının qaldırması böyük “Qarabağ Uvertürasının” ilk akkordları idi. Ermənistan hakimiyyəti, erməni xalqı birdəfəlik dərk etməlidirlər ki, müharibə və işğal faktı bitdi. Ermənistanın acınacaqlı vəziyyətdən çıxması naminə imzalanmış üçtərəfli bəyanatın şərtlərini o yerinə yetirməlidir.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı öncəki çıxışlarında səsləndirdiyi fikirləri təkrarlaması ilə vacib mesajlar verdi. Azərbaycan çoxmillətli və tolerant dövlətdir. Müxtəlif xalqlara və dinlərə mənsub insanlar mehribanlıq içərisində ölkəmizdə yaşayırlar. Erməni vətəndaşlarımızla bizim doğrudan da problemimiz yoxdur. Bizim işimiz ata-baba yurdlarımızı işğal edib, orada dağıntılar törədib, insanların mədəni, mənəvi, dini və maddi sərvətlərini talamış hərbi-cinayətkar rejimi ilədir.
Əslində, yolboyu Füzuli və Cəbrayıl rayonu və şəhər mərkəzlərində bir salamat binanın nəzərə çarpmaması, yeni mərhələdə irəli sürüləcək ittihamlar üçün zəmin yaratmışdır. Bunu cənab Prezident də xüsusi vurğulamışdır ki, hər bir cinayətin və cinayətkarın öz cəzası var. Ortada fakt və onu törədənlər var. Ermənistan dövlət olaraq bu işğal cinayətini həyata keçirmişdir. Azərbaycan Respublikasının və onun vətəndaşlarının tam hüququ var ki, mənəvi və maddi əsaslarla təzminat ödənilməsini Ermənistandan tələb etsin və edəcəkdir.
Bu gün Ermənistan paytaxtında baş verən siyasi çaxnaşma bir mənalı müharibədə uğranılan məğlubiyyətlə bağlıdır. Erməni xalqı baş nazir Nikol Paşinyanı günahlandırır, israrla onun istefasını tələb edir. Verdiyi rəzil qərarlarla Paşinyan özünü və xalqını dünyanın gözü qarşısında biabır etmişdir. Düşmən ordusu qarşımızda diz çöküb, məğlubiyyət aktına imza atmış, bundan sonra müharibə faktiki bitmişdir.
Bizim mübarizəmiz haqq işidir. Ədalət qiyamətə qalmadı. Biz bütün mifləri darmadağın etmişik. Ermənistan ordusunun “məğlubedilməzliyi” nağıl idi. Onların uydurduğu bütün mifləri tarixə gömdük. İndi dillərə dastan olacaq bir nağıl var. O da güclü və praqmatik zəkaya malik olan uzaqgörən Azərbaycan liderinin, milli ruhunu canında daşıyan mübariz, polad xalqın və yenilməz Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə

Keçidlər