Şriftin ölçüsü :

Saytın rəngi :

Misir Ərəb Respublikasının “İsmailiyyə” folklor ansamblı Suraxanıda olmuşdur

06 iyun 2014 | 15:00

Məlumat üçün bildirək ki, 2-7 iyun 2014-cü il tarixlərində Azərbaycan Respublikasında Misir Mədəniyyəti Günləri keçirilir. İyunun 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
4 iyun tarixdə isə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri,  “İsmailiyyə” folklor ansamblının üzvləri Azərbaycan Respublikasında Misir Mədəniyyəti Günləri proqramı çərçivəsində Suraxanı rayonunda olmuşlar.
Qonaqlar əvvəlcə Ümummilli Liderin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər qoydular, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Onlara məlumat verildi ki, Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Bu illər ərzində Mərkəz rayonun ideoloji mərkəzinə çevrilmişdir. Ötən 5 ildə Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 130-dan yuxarı tədbir keçirilmişdir.
Sonra qonaqlar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda oldular. Onlara məlumat verildi ki, Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Qoruqda aparılmış bərpa və yenidənqurma işlərindən sonra qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.
Daha sonra Misir Ərəb Respublikasının “İsmailiyyə” folklor ansamblı  Heydər Əliyev parkında rayon sakinləri qarşısında maraqlı konset proqramı ilə çıxış etdilər. Proqramda rəngarəng Misir xalq rəqsləri, müsiqi nömrələri nümayiş olundu.
Konsert rayon sakinlərinin alqışları ilə qarşılandı.

Keçidlər