Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbən mübarək Azərbaycan! Qələbən mübarək müzəffər Azərbaycan Ordusu! Qələbəniz mübarək cənab Ali Baş Komandan!

13 noyabr 2020 | 16:00

Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi və biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Halbuki, belə planlar var idi, belə cəhdlər var idi. “Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi!”, Bütün Azərbaycan, bütövlükdə isə bütün türk dünyası bu müraciəti ayaq üstə, ürəklərdə sevinc, gözlərdə yaş və sonsuz qürurla dinlədi.
Ali baş Komandan sonu zəfərlə bitəcək bu müqəddəs yola qədəm qoyarkən bütün xalq ayaqda idi, çünki, bu yola çıxmaq üçün illəri gözləmişdik, qələbəyə aparan yolun başlanğıcında 28 illik həsrət, nisgil vardı, Vətənimizin azadlığı uğrunda Şəhid olmuş həmvətənlərimizin alınmamış qisası, illərdir yolumuzu gözləyən işğal altında olan müqəddəs torpaqlarımız, xalq-iqtidar birliyi, Ali baş komandanımıza sonsuz inam və müzəffər ordumuza güvən vardı!
Ən başlıcası isə Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil edən, durmadan, yorulmadan bütün sahələrin inkişafını təmin edən, yeni və yenilməz ordu quran, addım-addım hədəfə doğru irəliləyən, beynində ATA vəsiyyəti olan, xalqın ümüdi, Azərbaycan gəncliyinin bir mənalı Lideri olan sevimli bir Prezident cənab İLHAM HEYDƏR OĞLU ƏLİYEV vardı! O Prezident ki, bundan sonra Azərbaycanın ən yeni tarixini yazaraq bu xalq, bu millət və bu dövlət var olduqca ürəklərdə yaşayacaq, bundan sonra hər bir Azərbaycanlının harada olmasından, yaşamasından asılı olmayaraq qürurla mən AZƏRBAYCANLIYAM deyə bilməsi üçün bu yola çıxarkən “Mən bilirəm nəyi necə etmək lazımdır” DEDİ və ETDİ! O bu yola xalqın böyük inamı və sevgisi ilə çıxdı və QƏLƏBƏ qazandı! Qələbəni təmin edən isə təbii ki, ordunun Ali Baş Komandanına sonsuz inamı, illər ərzində güclü olmaq üçün iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində görülən çoxşaxəli fəaliyyətlər, ordu quruculuğunda aparılan islahatlar bu mötəşəm qələbəmizi təmin edən amillərdən biri idi.
Haqq yolumuza çıxaraq hərbi əməliyyatlara başlamamız sözün həqiqi mənasında bir sıra dairələrdə şok effekti yaratdı. Burada həm qəribəlik, həm də müəyyən məntiq vardı. Qəribəlik ondadır ki, onlar nəyə görə Azərbaycanın qətiyyətli davrandığını anlaya bilmirdilər. Məntiqliyin səbəbi isə ondadır ki, uzun illərdir Qərbdə münaqişə ilə bağlı elə yanlış təsəvvürlər formalaşdırılmışdır ki, Azərbaycanın öz haqqını tələb etməsini qeyri-adi hal kimi baxırdılar. Ali Baş Komandan 44 gün ərzində dünyanın aparıcı telekanallarının bir çox hallarda qərəzli jurnalistələrinə baş verənlərin çox sadə və real izahını verərək - Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün təbii haqqa sahib olduğunu beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu isbat etdi.
Dağılan miflərdən daha biri də erməni diasporunun və onların maliyyələşdirdiyi erməni lobbisinin hər şeyə qadir olması, ölkə parlamentlərində qərar və qətnamələr qəbul etdirmələri barədə idi. Anlaşıldı ki, onların erməni həyasızlığına dayanan gücü bir yerə qədərmiş. Ermənilərin ağıllı millət olması barədə mif hələ Qarabağ münaqişəsinin qarşılıqlı güzəştlərlə həll olunması məsələsində heç cür geri addım atmaq istəmədikləri zamanı dağılmışdı. Ağıllı olsaydılar, ay sentyabrda oktyabra keçməmiş sülhə gələr, güzəştə gedərdilər və bu qədər zəif-zəlil duruma düşməzdilər.
Bu günlərdə hamılıqla ordunun yanında olduq bu birliyin yaranmasının tək bir səbəbi vardı Vətən sevgisi! Məhz bu sevgi Azərbaycan gəncliyinin Ali Baş Komandanının ətrafında birləşərək vətənin müdafiəsinə qalxdı. Xalqımız Şəhidlər verərək qələbə qazandı. Biz birlikdə güсlü olduğumuzu bütün dünyaya göstərdik. İllərin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Cənab Prezidentimizin dediyi kimi Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq. Bizim bir devizimiz oldu “Şəhidlər ölməz-Vətən bölünməz!” Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan vətən övladları daima qəlbimizdə yaşayacaqlar. Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qələbə soraqlı bayrağımızın Azərbaycanın işğal altındakı ərazilərində dalğalanması naminə canlarından keçdilər. Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir.
100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir. "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd edilir ki, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. Budur erməni xisləti, erməni barbarlığı.
Qələbən mübarək Azərbaycan! Qələbən mübarək müzəffər Azərbaycan Ordusu! Qələbəniz mübarək cənab Ali Baş Komandan!
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Bəli biz xoşbəxtik ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Birdə xöşbəxtik ki, ürəyi xalqı ilə birgə döyünən Prezidentimiz var! Bəli QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA!

Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov

Keçidlər