Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qələbə astanasındadır

31 oktyabr 2020 | 16:00

Ordu dövlətin suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün yaradılan əsas qüvvədir. O qüvvə ki, dövlət və millət olaraq var olmanı reallaşdırır. Odur ki, güclü ordu elə güclü dövlət, güclü millət deməkdir.
    Azərbaycan bu cəhətdən çox şanslı bir dövlətdir. Çünki bu diyar nəinki güclü, eyni zamanda basılmaz, yenilməz, ayrılmaz, cəsarətli, məğrur bir orduya malikdir. Ordumuz tarix yazılan bu günlərdə öz yenilməzliyini bir daha sübut edir. Belə ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Azərbaycan ordusu Erməni vandallarına qarşı əks-hücum əməliyyatına başlamış, düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını, silah-sursatını məhv etmişdir. İşğal olunmuş torpaqlarımızı düşməndən azad edərək Azərbaycan bayrağını həmin torpaqlarda dalğalandırmaq kimi şərəfli bir işi həyata keçirən də müzəffər Azərbaycan ordusudur. Ordumuz qələbə əzmi ilə dayanmadan irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirməklə hərbi arenada öz sözünü deyir.
     Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tarix boyu olub və bu gün də var. Elə bu səbəbdən mənfur düşmən Azərbaycana qarşı işğalçılıq siyasəti yürütmüş, türk dünyasına qarşı ekstremist siyasət aparmışdır. Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının səbəbi də məhz Ermənistanın ərazi iddiaları olub. Bu günkü gün ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərində reallaşdırılan terror aktları bu ölkənin acgöz siyasətinin göstəricisidir. Mülki əhalini hədəf seçən, günahsız bəndələrin ölümünə səbəb olan erməni xisləti ürək bulandırır.
     Dünya ölkələri son bir ayda Azərbaycanda baş verənləri görür, səbəbkarı da qınayır. Ermənistanın Baş Naziri Nikol Paşinyan bu qınağın əsas hədəfidir. N.Paşinyan yalan və qərəzli çıxışları ilə həm ölkəsinin, həm də özünün nüfuzunu çoxdan itirmişdir. Bəli, bu ölkənin xəmiri yalanla yoğrulub. Yalançı dövlətin başçısı da yalan danışar. Necə ki, hələ 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında Ermənistan prezidenti Serj Sarkisyanın Avrasiya Birliyinin sammitindəki çıxışını nəzərdə tutaraq qeyd edib: “Bir cümlədə dörd yalan danışan prezident görməmişəm”.
       “Yalan ayaq tutar, yeriməz” – deyib atalarımız. Bu fikir indiki halda rəsmi İrəvanın yürütdüyü yalançı siyasətin yerlə bir olduğuna da işarə edir. Dünya artıq bu yalanı görür, duyur. Artıq həqiqət zəfər çalır. Terrorçu Ermənistan dünyanı aldada bilməz, çünki həqiqət ortadadır...
       Azərbaycanın Beynəlxalq təşkilatlarda fəaliyyətinə nəzər salsaq, görərik ki, bu fəaliyyət reallıqdan, həqiqətdən, beynəlxalq humanitar hüquqdan kənar heç bir addım atmır və atmayıb. Ermənistan isə həmişə olduğu kimi yenə də Azərbaycana qarşı təxribata əl atmış, mülki əhalini, mülki obyektləri hədəf seçmişdir. Qadağan olunmuş mərmidən – ballistik raketlərdən istifadə edən Ermənistan, bununla bir daha dünyaya qeyri-humanist simasını göstərmiş oldu.
      Ermənistan dövlət siyasətinin heç kəsə sirr olmayan bir üzü də başqa ölkələrin kölgəsində gizlənməsidir. Başqa çıxış yolu tapa bilməyən mənfur düşmən, Azərbaycanın öz torpaqlarında olan nəzarətinin bərpasını qəbul etmir. Qürursuz Ermənistan daha iri ölkələrin arxasında gizlənməklə düşdüyü ağır və çətin vəziyyətdən çıxacağını, Azərbaycanı digər ölkələrlə üz-üzə qoyacağını zənn edir. İndiki halda biz bu niyyətin hələ də arzu olaraq qaldığının şahidiyik. Qardaş ölkə Türkiyənin, Pakistanın, NATO-ya üzv ölkələrinin Azərbaycana dəstəyi bunu bir daha sübut edir.
      Azərbaycanın ən qədim yaşayış məskəni olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilərkən düşmənin çirkin niyyəti ilə maddi-mədəni irs dağıdılmış, talanmışdır. Azərbaycan mədəniyyətinin, tarixi kökünün Qarabağla əlaqəsini qırmaq niyyəti bu vandallığın səbəbi kimi səslənir. İstər mədəni-tarixi abidələrin məhvi, istər yerli əhalinin didərgin salınması, istərsə də Dağlıq Qarabağda qurulan qondarma respublika Azərbaycanın əzmini, tarixi yaddaşını, Qarabağ ruhunu söndürə bilməz. Mənfur düşmən bilməlidir ki, Azərbaycan öz torpaqlarını heç bir qüvvənin təsiri ilə güzəştə getməyəcək. Çünki bu torpaqlar Azərbaycanın əzəli-əbədi məkanıdır. Qalibiyyətimizin ardından doğma Qarabağda yaşayış təmin olunacağını bəyan edən dövlət başçısı İ.Əliyev xarici qəzetlərdən birinə müsahibəsində deyib: “Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı, Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük... ”.
       25 ildən çoxdur ki, Ermənistan- Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu hələ də qəti sözünü deməyib, birmənalı mövqeyini ortaya qoymayıb. Neçə illərdir ki, davam edən eyni sözlərdən ibarət bəyanatlar dövrü çoxdan geridə qalıb. Qərəzli təşkilatlar beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq, nəhayət, siyasi riyakarlıqdan əl çəkməli, işğalçı Ermənistana həddini və yerini göstərməlidirlər. Çünki beynəlxalq tribunalın Ermənistanı ittiham etməsi üçün kifayət qədər səbəb və sübutu vardır.
     Dağlıq Qarabağ münaqişəsi regionun inkişafını ləngidən başlıca amildir. Bu münaqişənin həlli regionun hərtərəfli inkişafına zəmin yaradacaqdır. Bu həm nəqliyyat arteriyasının, həm də turizmin sürətli inkişafının təmini deməkdir.
        Real prizmadan baxsaq, görərik ki, münaqişənin davam etməsi, genişmiqyaslı müharibə heç kimə sərf etmir. Azərbaycana sərf etməməsinin səbəbi odur ki, Azərbaycan Ermənistanın torpaqlarına göz dikməyib, Azərbaycan yalnız onu istəyir ki, torpaqları azad edilsin, düşmən torpaqlarımızı tərk etsin. Bu real bir istəkdir. Ermənistan da münaqişənin davam etməsində maraqlı deyil. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu təşkilat isə hazırki iqtisadi böhran və pandemiya şəraitində müharibəni qəti şəkildə dəstəkləmir.
      Cənubi Qafqaz regionun lider ölkəsi sayılan Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək gücünə, qüvvətinə malikdir. Birincisi ona görə ki, bizim xalqın mənafeyini əldə rəhbər tutan, vətənini sevən, qoruyan prezidentimiz var. Bu bizim ən böyük gücümüzdür. Odur ki, xalq Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi bir yumruq kimi dəstəkləyir, onun yürütdüyü siyasəti bəyənir. Bu dəstək ordumuza da siraət edir. Bəli, Azərbaycan ordusu regionun ən güclü ordusudur. Bu bir faktdır. Ordumuz çox yüksək əhvali-ruhiyyə ilə torpaqlarımız uğrunda döyüşür, torpaqlarımızı azad edir, bunun üçün canından belə keçir. Və ən əsası bunu qorxmadan, çəkinmədən edir, könüllü olaraq vətənin müdafiəsinə belə qoşulur. Biz öz torpağımızda, öz torpağımız uğrunda döyüşürük. Bir xalq olaraq biz haqqımızı tələb edirik, bizim səsimiz haqq səsidir. Odur ki, qorxmuruq, cəsarətimizi itirmirik.
      Azərbaycan qələbə astanasındadır. Hər günümüz bizi qələbəyə daha da yaxınlaşdırır. Bir xalq olaraq Ali Baş Komandanın ətrafında birləşmişik. Görünən odur ki, sonuna qədər bu birliyimiz sarsılmayacaq. Var olsun prezidentimiz və onun “Qarabağ Azərbaycandır!” şüarı. Yaşasın Azərbacan!!!

E.Cəfərov adına 118 nomrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhərrəmova Çinarə Əjdər qızı

Keçidlər