Vətənimizin indi daha çox dəstəyimizə, fəallığımıza ehtiyacı var, məhz indi hər birimizin Vətən qarşısında borcumuzun yerinə yetirilməsinin vaxtıdır.
Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının artıq bir ayı tamam oldu.
O gündən bu günə Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Bu gün Müzəffər Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir, öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir, yeni qələbələr qazanır və bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir.
Mən, hər bir Azərbaycan vətəndaşı kimi, döyüşlərin bu cür ruh yüksəkliyi ilə lazımı qədər davam edəcəyinə və Azərbaycanın böyük qalibiyyəti ilə sonlamasına, şübhəsiz inanıram, çünkü möhtəşəm tarix yazan Prezidentimiz İlham Əliyev cənablarına və onun rəhbərliyi altında döyüşən qəhrəman Ordumuza çox güvənirəm.
Cəbhədən gələn hər zəfər xəbərinə, sancılan hər bir bayrağımıza və bizə qürurla sevinc göz yaşlarını yaşatdığına görə Ali Baş Komandan başda olmaqla Şanlı Ordumuza bir ömürlük minnətdarlıq borcumuz var. Düzdür, müharibə sıxıntısız, itkisiz və acısız keçməz, lakin 30 illik işğalın əzablarından sonra, bu gün biz o qədər böyük mənəvi dəyəri olan əlamətdar günlər yaşayırıq ki, sözlə izahına belə çətinlik çəkirik.
Bu günlərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib, hər zamankı kimi tamamilə aydın və professional şəkildə münaqişənin gedişatı və nizamlanması haqqında danışıb, Azərbaycan Ordusunun uğurlu fəaliyyətini və uğurla irəliləməsini, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri olduğunu da qeyd etdi.
Cənab Prezident "biz qarşıdurma istəmirik, biz sülh istəyirik" fikrini dəfərlərlə vurğulayıb, lakin, əfsuslar olsun ki, məğlubiyyətin qaçılmazlığını bilərək, Ermənistan rəhbərinin mülki vətəndaşlara qarşı terror və soyqırım siyasətinin davam etdirməsini, başqa ölkələrin arxasında gizlənməyi vərdiş edən Ermənistanın dövlət siyasətini və cinayətkar taktikasını bütün dünya tərəfindən müşahidə edildiyini, amma buna baxmayaraq, Azərbaycanın bu məsələdə öz təmkinini qorumaqda davam etdiyini və Azərbaycan Ordusunun düşməndən qisasını döyüş meydanında aldığını söylədi.
Bu gün mübariz və məğrur insan, Ali Baş Komandanımız öz qətiyyətli mövqeyi ilə regionun geosiyasi mənzərəsini dəyişir, tarix yazır, Azərbaycanın milli maraqlarını yenilməz siyasi iradə və əzmlə müdafiə edir. "Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik" deyən Prezidentimiz, öz mövqeyini birmənalı şəkildə bildirdi və günbəgün bu deyilənlərin sadəcə söz olmadığını sübuta yetirməkdədir.
Bu gün bütün Azərbaycan xalqını, yaşından, peşəsindən asılı olmayaraq, xüsusilə yetişən nəsli, gənclərimizi bir yumruq kimi görmək, nə qədər qürurverici bir haldır; vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə qəhrəman ordumuza dəstək verir, ordumuz isə yeni-yeni qələbələri ilə vətəndaşlarımızı ruhlandırır və ümumi məqsədimiz Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə biz azərbaycanlıları daha da sıx birləşdirib!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bütün qurumları kimi, eləcə də, Suraxanı Gənclər Evinin əməkdaşları, Rayon gəncləri, arxa cəbhədə olan hər bir mülki vətəndaş öz üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
Gənclərimiz, cəbhə bölgəsində döyüşən ordumuza, dövlətimizə, eyni zamanda xalqımıza dəstək olmaq məqsədi ilə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq üçün böyük həvəslə və tam vicdanla gərgin mübarizə aparır; torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq orduya yazılır, şəhər və rayonlarımızı Azərbaycan bayraqları ilə bəzəyir, sakinlərlə vətənpərvər ruhda söhbətlər aparır və virtual müharibədə, sosial mediada, Vətən qarşısında olan borcunu çox böyük peşakarlıqla yerinə yetirir, bununla da gənc nəslin alqışa layiq bu cür addımları əsgərlərimizin döyüş meydanında qazandığı uğurları möhkəmləndirməkdədir.
Vətənimizin indi daha çox dəstəyimizə, fəallığımıza ehtiyacı var, məhz indi hər birimizin Vətən qarşısında borcumuzun yerinə yetirilməsinin vaxtıdır. Bu müqəddəs borcu, düşmənimizdə olmayan, şərəf və ləyaqətlə yerinə yetirərək, bütün dünyaya, həm döyüş meydanında, həm siyasi müstəvidə, güclü olduğumuzu bildirməklə, bu gücü qoruyub saxlamalıyıq!
Əlbəttə ki, igid Oğul itkilərini də unutmaq olmaz, nə qədər yaşayırıqsa biz onlara, onların Analarına, ailələrinə borcluyuq! Allah qəni-qəni rəhmət etsin, ruhları şad olsun!
Qarabağ xəyal deyil, canlı bir məkandır, gözəlliklər məskənidir və onun işğalı da, müharibədə həlak olan şəhidləri də gözlərin gördükləri reallıqlardır. Birimiz döyüş silahını, digərimiz qələm silahını əlimizə alıb, döyüşməliyik!
"Suraxanı Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova