“İkinci Qarabağ Müharibəsi xalqımız üçün Vətən Müharibəsidir!”
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Təəssüflər olsun ki, tarixən erməni lobbi təşkilatları həm bölgənin, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülmüşdür və bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var.
Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatı bütün dünya tərəfindən izlənilmiş, dünya siyasətçiləri tərəfindən siyasi qiymət verilmişdir. Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi, siyasi, hüquqi aspektləri ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bundan əlavə, cənab Prezidentin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış addım idi. Daha sonra cənab Prezidentin Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə vermişdir. Bununla da vurğulamaq yerinə düşərdi ki, bizim siyasi-diplomatik müstəvidə əldə etdiyimiz uğurlar hərbi qələbələrimizə zəmin yaratmışdır.
Qarabağ uğrunda müharibə xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir. Bu mübarizədə Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq, həmrəylik göstərir. Hamı bir yumruq kimi birləşərək, düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsi naminə sonuncu erməni silahlısı torpaqlarımızdan çıxarılana qədər vuruşmaqda israrlı olduğunu nümayiş etdirir.
Cənab Prezidentin də qeyd etdiyi kimi, sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.
Uzun illər boyu problemin sülh yolu ilə həllinə çalışan Azərbaycan hökuməti və Azərbaycan xalqının artıq səbir kasası daşmışdır. Sentyabrın 27-də Ermənistan tərəfinin atəşkəsi pozması ilə Dağlıq Qarabağ münaqişəsi pik həddə çatdı. Azərbaycan Ordusu düşmənə tutarlı cavab verərək əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda əks-hücuma keçdi. Bu mübarizədə ikili standartlardan uzaq, Azərbaycanın haqq işi uğrunda mübarizəsini açıq şəkildə dəstəkləyən hər bir ölkə bizə dostdur, qardaşdır!
30 ilə yaxındır Ermənistanın işğalı altında olan torpaqlarımız bir-birinin ardınca azad olunur, həmin torpaqlarda bayrağımız dalğalanır. Əllidən çox siyasi partiya, yüzlərlə QHT bəyanat verərək, Ali Baş Komandan cənab İlham Əliyevi dəstəklədiklərini və dövlət başçımızın yanında olduqlarını bildirmişdir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi cənab Ali Baş Komandanın ətrafında monolit şəkildə birləşmişdir. Bütün bunlar Azərbaycanda xalq-iqtidar birliyinin bariz nümunəsidir. Böyük Qələbə yaxındır. Biz əsrlərcə həsrət qaldığımız sevinci yaşayırıq. Şahidi olduğumuz hadisələr şanlı tarixdir. Sevincimizi bizimlə birlikdə bayram edən, Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Türkiyə ilə qardaşlıq münasibətimiz sönməzdir, əbədidir və heç şübhəsiz ki, bu dostluq dosta sevinc, düşmənə dağdır.
Yaşasın suveren, qüdrətli, müstəqil, demokratik Azərbaycan Respublikası, yaşasın Azərbaycan xalqının sözünü zamanında, yerində deməyi bacaran güclü lideri cənab İlham Əliyev, yaşasın rəşadətli Azərbaycan Ordusu!!!
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Məcidzadə Fərəh