Şriftin ölçüsü :

Saytın rəngi :

Ən böyük uğurumuz işğaldan günbəgün azad olunan çoxsaylı kəndlərimiz, şəhərlərimizdir!

29 oktyabr 2020 | 16:00

Düz 30 ilə yaxın səbr etdik. 30 ilə yaxın idi ki, torpağımızdan ayrı düşən biz olduğumuz halda münaqişənin sülh yolu ilə həll olunmasına çalışdıq. Niyə? Çünki Azərbaycan heç bir halda insan ölümlərini dəstəkləmirdi. Ona görə böyük səbrlə Minsk Qrupu Həmsədrlərinin fəaliyyətinin bir nəticə verəcəyinə, beynəlxalq təşkilatların ədalətli reaksiya verəcəyinə ümid etdik. Məhz buna görə beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın beynəlxalq səviyyədə cəzalanacağını və torpaqlarımızı sülh yolu ilə geri qaytaracağını gözlədik. Ancaq əksinə, oğru, cinayətkar, terrorçu Ermənistan bu dəfə atəşkəsi daha ağır şəkildə pozmaqla, öz cılız tarixinin ikinci ən böyük səhvini etmiş oldu.
Hədəflərində dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək idi. Bu günlərdə cinayətkar Paşinyan bir müsahibəsində deyirdi ki," Azərbaycan öz neft və qaz yataqlarının gücündən istifadə etməklə dövlətləri ələ alır və öz müttəfiqinə çevirir". Paşinyanın bu dəfəki arzusu yaman böyük idi ancaq, bu arzu bütünlükdə erməni xalqına baha başa gəldi. Bir aya yaxındır davam edən döyüşdə minlərlə erməni əsgəri, hərbiçisi məhv edilir, çox sayda hərbi texnika və silah sursat qüdrətli ordumuzun sayəsində ələ keçirilir.
Ən böyük uğurumuz isə işğaldan günbəgün azad olunan çoxsaylı kəndlərimiz, şəhərlərimizdir!
Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin müsahibələrində hər dəfə nəzərimi bir məqam cəlb edir. Əksər islamafob dövlətlərin jurnalistlərinin verdiyi sətiraltı, guya çaşdırıcı suallar. Ancaq o suallara çox böyük səbrlə, təmkinlə verilmiş tutarlı cavablar. Bu gün həmin səbrin, təmkinin, ağlın və məqsədyönlülüyün nəticəsində bütün Azərbaycan qələbə sevinci yaşayır. Bu gün Ali Baş Komandanın qurduğu güclü ordu sayəsində Azərbaycan döyüş meydanında sürətlə irəliləyir, düşmən ordusunu darmadağın edir!
Müsahibə alan ən qərəzli jurnalistlərdən birinin isə "Figaro"nun jurnalistinin olduğunu deyərdim. Suala diqqət edirəm: "Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?"
Həmsədr bir ölkənin məhşur KİV-nin jurnalistinin yönəltiyi sualdan əslində hər şey aydın olur. Ona görə MİNSK qrupu bu dövr ərzində heç bir nəticə əldə etməyib və ya etmək istəməyib. Görəsən Azərbaycan ərazilərinin işğal altında olması əslində Fransaya nə verirdi ki, hazırda Fransa bu qədər hiddətlidir?
Başqa bir suala nəzər salaq: "- Növbəti sualım belədir. Bir aydan çox davam edən toqquşmalardan sonra cəbhədə hazırda həyata keçirilən hərbi əməliyyatların necə olduğunu bizə təsvir edə bilərsinizmi?" Prezidentdən müsahibə alacaq səviyyədə olan bir jurnalist, 1 aya yaxındır davam edən bir müharibədəki vəziyyəti bilmir, izləmir və ya guya bilərəkdən çaşdırıcı bir suala əl atır. Ancaq cənab Prezidentin iti əks həmlələri də təbii ki izləyənləri qürürlandırır. Cavabının sonunda erməni agentliyi təəsüratı yaradan jurnalistə sözünü deməyi unutmur: "Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik!"
Və digər qərəzli sual:"- Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?" Ermənistanın hüquq normalarını heçə saydığı kimi agentliyini etdirdiyi jurnalistləri də göründüyü kimi hüquq normaları tanımır. Əks halda sübutu olmayan iddiaları irəli sürməz və belə bir iddianı sual şəklində ölkə başçısına verməzdi. Açıq şəkildə Ermənistanı dəstəklədiyini vurğulamağa çalışan jurnalist, peşəkarlıq və bitərəflik prinsiplərini də bütün müsahibə boyunca bir kənara qoymuşdur.
Bu gün dünyada Fransa kimi dövlətlərin erməniləri dəstəkləməsinin bir çox faktorları vardır ki, onlardan ən əsası islama olan nifrətləri və guya xristian birliklərdir.
Lakin bütün dünya çox gözəl bilir Azərbaycan tolerant bir ölkədir və burada bütün dinlərdən olan insanlar sülh və birlik içərisində çox merhibanlıqla birlikdə yaşayırlar.
Və bu gün döyüş meydanında da həm dini həm də milli azlıqlar Azərbaycanı öz vətəni bilərək bir nəfər kimi könüllü olaraq mübarizə aparır!
Ali Baş Komandanımızla və ordumuzla fəxr edir, tezliklə bütün Qarabağda Azərbaycan bayraqlarının dalğalanacağına inanırıq!

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva

Keçidlər