Qoy ədalət zəfər çalsın! “Haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir”
26 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə Azərbaycan xalqına müraciət etmişdir. Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olduğunu deyən Prezident erməni lobbisinin təkidi ilə mənfur qonşularımızın zaman-zaman torpaqlarımıza təcavüz etdiklərini, onları dəstəkləyən böyük dövlətlərin təzyiqi ilə Azərbaycan torpaqlarında məskunlaşmış və özlərinki kimi dünyaya bəyan etmişlər.
Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, bu məsələni inhisara götürdülər, Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu.
30 ilə yaxındır havasına, suyuna, torpağına həsrət qaldığımız kəndlərimiz, rayon və şəhərlərimiz bu gün İlham Əliyevin, rəşadətli ordumuzun, qəhrəman əsgər və zabitlərimizin sayəsində düşmən işğalından azad edilir. Hər dəfə yeni bir kəndin, rayonun, şəhərin azad olunması xəbəri bizi daha da sevindirir.
Son bir neçə həftədə - Prezident İlham Əliyevin dünya siyasi liderlərinin iştirak etdiyi görüşləri hədəf auditoriya kimi seçərək, Azərbaycan-Qarabağ həqiqətlərini dünyanın bütün formatlı-siyasi, iqtisadi, hüquqi, mədəni, humanitar və s. platformalarından səsləndirməsi ilə bağlı nitqləri, hər sözü gündəm yaradıb. Prezidentin siyasi qətiyyəti, iradəsi və intellektual təfəkkürünün vəhdətini ifadə edən çağırışları cəmiyyətdə milli birliyə və ruh yüksəkliyinə, vətənpərvərliyə transformasiya edilən dalğa effekti kimi davam edir.
Bu müharibə bütün dünyanı silkələdi. Prezidentimizin gözəl çıxşları, əcnəbi jurnalistlərə yerli yerində, təmkinlə cavab verməsi çox dövlətlərin marağına səbəb olub. Cəllad Paşinyan genosid xarakterli faşist əməllərinə görə cavab verəcək.
Biz qalib gələcəyik. Müzəffər Ordumuz tarixi ədaləti bərpa edərək zəfər çalacaq.
Yaşasın Azərbaycan! Yaşasın Şanlı Ordumuz! Var olsun Cənab Ali Baş Komandan!
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyyə Hacıyeva