Xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində Azərbaycan ordusu mütləq qələbə çalacaq.
Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən olan Dağlıq Qarabağda baş vermiş münaqişə 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Uzun illər ərzində Azərbaycan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyə çalışsa da, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərlərinin yenidən intensiv atəşə tutulması ilə müharibə başlamış və ordumuzun uğurlu addımları nəticəsində üstünlüyümüz ilə hələ də davam etməkdədir. Bu müddət ərzində prezident İlham Əliyev Fransanın “Figaro” qəzeti, “TRT Haber”, “France24”, “Əl-Cəzirə” kimi bir çox televiziya kanallarına müsahibələr vermişdir ki, Yaponiyanın “Nikkei” qəzetinə verilən müsahibə də prezidentimizin səlis və dəqiq cavabları ilə hərkəsin diqqətini cəlb etməsi ilə seçilir. Musahibədə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan XİN nümayəndələrinin səfərləri, Minsk qrupunun fəaliyyəti, Qarabağ həqiqətlərinin Yaponiya və dünya ictimaiyyətinə çatdırılması, müharibə ərəfəsində Yaponiya-Azərbaycan münasibətləri, beynəlxalq ədalətin qorunmasında Azərbaycanın nümunəvi mövqeyi kimi bir çox vacib məsələlər əks olunub. Prezidentimiz qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması və ərazi bütövlüyünün bərpası öz əksini tapsa da, Ermənistan rəhbərliyi tərəfindən verilmiş uğursuz ve səmərəsiz bəyanatlar, edilən hərəkətlər, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə dinc əhaliyə qarşı törədilənlər, həmçinin digər şəhərlərimizə təkrar-təkrar edilən hücumlar, atılan ballistik raketlər, onların təcavüzkar addımları indiyə kimi olan bütün sülh danışıqlarını mənasız etmişdir. Bunlar Ermənistanın terrorçu ölkə olmasının bariz göstəriciləridir.
Müsahibədə Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunluq öz əksini tapıb. Yapon şirkətlərinin enerji sahəsində çox fəal olması, Yaponiya banklarından alınan kreditlə iki böyük stansiya tikilməsi, TAP kəməri ilə bağlı hərşeyin qaydasında və qrafikə uyğun getməsi, bunun Bakıdan Avropaya gedən tarixi bir kəmər olması vurğulanır. Yapon şirkətləri də Azərbaycan neft kəməri layihələrinə qoşulub. Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Ermənilər bəzən bu kəmərlərə hücum edəcəkləri ilə bağlı bəyanat verir, hədə-qorxu gəlir və bu da terrorçu erməni xislətini bir daha açıq-aşkar gostərir. Biz isə ədalətin carçısı olan bir ölkə olaraq ta qədim zamanlardan bugünə qədər vətəndaşlarımıza qarşı törədilən soyqırımların qisasını da, mülki infrastrukturlarımıza dəymiş ziyanın da, dağıdılan dini, mədəni, tarixi irsimizin, terror qurbanı olmuş körpələrimizin qisasını da nə Ermənistan, nə də Dağlıq Qarabağa ballistik raketlər ataraq deyil, döyüş meydanında vuruşaraq alacağıq.
Digər bir sual isə Türkiyə dövlətinin Minsk qrupunda həmsədrlik məsələsinə münasibət olmuşdur. Cənab İlham Əliyevin Türkiyənin Qafqazın üç ölkəsi ilə sərhədi olan yeganə ölkə olması və elə buna görə də Türkiyənin bu danışıqlara fəal şəkildə cəlb olunmalı olduğu fikri öz əksini tapır. Türkiyə indi təkcə Qafqazda deyil, daha geniş coğrafiya və dünyada mühüm yer tutur, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk.
Müsahibənin sonunda cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün ya sülh, ya da müharibə yolu ilə tanınmasını təmin edəcəyini birdaha vurğuladı. Dövlət başçısı onu da qeyd etdi ki, işğaldan azad olunan bütün ərazilərdə Azərbaycan Dövlət Bayrağı dalğalanacaq, o ərazilərə həyat qayıdacaq və tezliklə abadlıq, quruculuq işləri aparılacaq.
Bu şərəfli yolda Azərbaycan xalqı da hər zaman Prezidentinin, Ordusunun yanında olub. Xalqımızın onlara olan etimadı və dəstəyi sonsuzdur. Dünyanın hər yerində keçirilən aksiyalar və könüllü olaraq ordu sıralarına yazılmaq istəyənlərin sayı da buna əyani sübutdur. Xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində Azərbaycan ordusu mütləq qələbə çalacaq. Qarabağ Azərbaycandır!
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Əhmədzadə