Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan dövləti işğal olunmuş bütün torpaqları geri qaytarmalı və dövlətimizin bütün şərtlərini yerinə yetirməlidir

22 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsi zamanı beynəlxalq birlik tərəfindən də qəbul edilmiş reallıqları öz çıxışında bildirmişdir. Belə ki, Azərbaycan Respublikası hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Məhz bunun göstəricisidir ki, dövlətimiz uzun illər boyunca mübahisənin sülh yolu ilə həllinə çalışmış və nizamlama prinsipinə sadiq olmuşdur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tanınmışdır. Buna baxmayaraq işğalçı Ermənistan dövləti tərəfindən təcavüzkar siyasət yeridilmiş və beynəlxalq aktların tələbləri yerinə yetirilməmişdir.
ATƏT-in Minsk Qrupunun əsas vəzifəsinin münaqişənin həllinə sülh yolu ilə nail olmaq olsa da, bu qurumun fəaliyyəti də gözlənilən nəticəni verməmişdir.
Bütün sülh prosesini süquta uğradan son addım isə Ermənistan tərəfindən 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönələn tədbirlərin görülməsi olmuşdur. Bundan sonra isə Azərbaycan Respublikası özünün ərazi bütövlüyünün bərpası istiqamətində tədbirlərə başlamışdır. Müharibə zamanı isə Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq hüquq normaları pozulmuş və hal-hazırda da pozulmağa davam edir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsində mülki əhaliyə zərər verilməsi, istifadəsi qadağan edilmiş silahların tətbiqi qadağan edilir, buna baxmayaraq Ermənistan tərəfindən bütün bunlar tətbiq edilmişdir.Eyni zamanda beynəlxalq-hüquqi aktlara əsasən muzdluların istifadəsi qadağan olduğu halda Ermənistan tərəfindən aşkar şəkildə muzdluların istifadəsinə yol verilir.
Müharibənin gedişatı zamanı Moskva şəhərində keçirilən konfransda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri tərəfindən humanitar atəşkəs barədə razılıq əldə edilsə də, Ermənistan tərəfindən bu atəşkəs də pozulmuşdur.
27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün bərpası istiqamətində gördüyü tədbirlər uğurlu nəticələr vermişdir. Azərbaycan ordusu birmənalı olaraq üstünlüyünü qorumağa nail olmuş və şanlı ordumuz status-kvonu dəyişmişdir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi Azərbaycan Respublikası ərazi bütövlüyünü hər bir halda bərpa edəcək. Bu istər sülh, istərsə də hərb yolu ilə. Dövlətimiz sülh yolu ilə münaqişənin həllinə yalnız o zaman razı ola bilər ki, Ermənistan dövləti işğal olunmuş bütün torpaqları geri qaytarmalı və dövlətimizin bütün şərtlərini yerinə yetirməlidir.

G.Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova

Keçidlər