Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu sülh ordusudur. Məqsədi düşmən tapdağı altında olan torpaqlarını azad edərək, hər qarışını müqəddəs bilən sahibinə qaytarmaqdır.

20 oktyabr 2020 | 16:00

27 sentyabr 2020-ci il.
Azərbaycan tarixində yeni şanlı bir səhifənin yazıldığı gün. Sönmüş ümidlərə işıq salan bir tarix. Bu tarixi özünün uzaqgörən siyasəti, ağlı, zəkası liderlik qabiliyyəti ilə fərqlənənən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu yazdı.
Haqq-ədalət uğrunda əzəli-əbədi torpaqlarının işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa girən Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Ard-arda savaş meydanında əldə etdiyi qələbələrlə dünyaya öz lideri və ordusu ilə meydan oxuya biləcək xalq olduğunu sübüt etdi.
Azərbaycan -Ermənistan münaqişəsi haqqında Cenevrə konvensiyasının qərarlarını saymayan, havadarlarına arxalanan, onların əlində oyuncağa çevrilən və «Qarabağ Ermənistandır və nöqtə» deyən Ermənistan dövləti və rəhbərliyinin uğursuzluğa məhkum edən bir xalq və ordudur. Hərb meydanındakı uğursuzluğunu ört-basdır etməyə çalışan ermənistan öz faşist xislətinə sadiq olaraq cəbhə xəttindən çox-çox uzaqda yerləşən əraziləri raket zərbələri ilə darmadağın edir, qadın, qoca, uşaq demədən dinc insanlara qarşı qətliam törədir. İşğal etdiyi cənnət diyarda daşı-daş üstundə belə qoymayır.
Azərbaycan dövlətinin humanist çağırışına, döyüş meydanında ölmüş əsgərlərinin nəşini belə götürməyən Ermənistan dövlətinin və bu dövlətin rəhbərinin hərəkətlərini yalnız vəhşilər, barbarlar, faşistlər edə bilər. Azərbaycan ordusu sülh ordusudur. Məqsədi düşmən tapdağı altında olan torpaqlarını azad edərək, hər qarışını müqəddəs bilən sahibinə qaytarmaqdır.
Əsrlərlə öz xalqının beynini «böyük Ermənistan» haqqında sərsəm xülyalarla, layiq olmadıqlarına sahib çıxmaq arzuları ilə zəhərləyən Ermənistan rəhbərliyi əslində öz xalqını bataqlığa sürükləyən cinayətkardır. Öz vətəndaşlarını onlar üçün uğursuz olan döyüşə atan, onları ölümə məhkum edən cinayətkardır. Bu cinayətkarlara layiq olduqları cəzanı erməni xalqı özü verməlidir. Erməni anaları öz övladlarının özgə torpaqlarında ölməklərinə imkan verməməlidirlər. Çünki onların bu torpaqlarda nə hüquqi, nə də mənəvi haqqları var.
Dünya ictimaiyyəti nəhayət kriminal dövlətin faşist mahiyyətini görmək üçün gözlərini açmalıdır. Ermənistan kimi kiçik, kasıb bir dovlətin hərbiyə ayırdığı büdcə vəsaitindən qat-qat artıq dəyəri olan silah sursatı necə əldə etdiyini araşdırmalıdır. Dünya üzrə cəmi on milyonluq xalq terror qruplaşmalarının sayına görə dünyada «liderlik» edir. Dünya ictimaiyyəti nəhayət anlamalıdır ki, mayasında terror, qətliam, öz ərazisini digər dövlətlər hesabına artırmaq və bunun üçün ən iyrənc vasitələrə əl atan Ermənistan dövləti və onun cılız rəhbərliyi bəşəriyyət üçün təhlükədir.
Şanlı Azərbaycan ordusu qarış-qarış öz torpaqlarını azad edir. Bu ordu nə zorla gətirilmiş və qandallanmış əsgərlərdən nə də pul gücünə tutulmuş muzdlulardan ibarətdir. Bu ordu şəhidliyi qürurla qarşılayan, şəhid övladını son mənzilə qürurla yola salan, varını- dövlətini hər an dövlətçiliyinə qurban verməyə hazır olan, «vətən sağ olsun» sözlərini başını dik tutaraq söyləməyi bacaran xalqın ordusudur. Bu ordunun başında ağlı, məntiqi, uzaqgörənliyi, liderlik qabiliyyəti ilə fərqlənən Ali Baş Komandan durur. Bu ordu xilaskar ordudur, sülh ordusudur, haqqın- ədalətin bərqərar olunması uğrunda mücadilə edən ordudur. Ali Baş Komandanın «Biz haqq yolundayıq, bizi bu yoldan heç kim döndərə bilməz» çağırışı ilə Azərbaycan ordusu qələbələri ilə tarix yazır.
Bəli bu gün Azərbaycan bayrağı Qarabağ torpağında qürurla dalğalanır. Üçrəngli bayraq Xankəndinə, Şuşaya doğru irəliləyir. Azad edilmiş hər qarış torpaq dünya miqyasında Azərbaycanı qüdrətli bir dövlət kimi tanıdır. Öz sözünü deməyi bacaran, sözünün ağası olan, heç kimdən asılı olmayan və onunla hesablaşmağı diqtə etməyi bacaran sivil bir dövlət olduğuna imza atdı.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan ordusu!
Qarabağ Azərbaycandır!

290 nömrəli tam orta məktəbin direktoru İsmixanova Rahidə

Keçidlər