Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” Suraxanıda təntənəli qeyd edildi

01 iyun 2014 | 15:00

31 may 2014-cü il tarixdə “Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin parkda ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoydular. Sonra parkda uşaqların əl işlərinin nümayiş etdirildiyi sərgiyə baxış oldu.
Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və kiçikyaşlı məktəblilər dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqları Beynəlxalq  Müdafiə Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir.  Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq Müdafiə günü on illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Sevinc Hüseynova xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində,  dərnəklərdə məşğul olan uşaqlar, uşaq bağçalarının uşaqları fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert  proqramı ilə çıxış etdilər.
Bayram şənliyi uşaqların sevinci ilə qarşılandı. Tədbirin sonunda “McDonalds” şirkətinin və Qadın İnkişaf Cəmiyyətinin Suraxanı rayonu üzrə sədri Şövkət Xanməmmədovanın təqdim etdiyi hədiyyələr  uşaqlara paylanıldı.
Həmin gün eyni zamanda 2 saylı Uşaq Evində, 7 saylı Əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəbində uşaqlar üçün bayram tədbirləri təşkil olundu.

Keçidlər