Şriftin ölçüsü :

Saytın rəngi :

“Ali Baş Komandanın rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi bizdən sonrakı nəsillərə miras qalmayacaq”

19 oktyabr 2020 | 16:00

Qüdrətli Azərbaycan Ordusunun 2016-cı ildə döyüş meydanında qazandığı parlaq qələbə olan “Aprel Zəfəri” yenilgisinə doymayan Ermənistan sentyabrın 27-də saat 06:00 radələrində genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq şanlı ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları, işğal edilmiş ərazilərimizdən düşmənin çıxarılması bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan hərbi yolla istənilən an öz torpaqlarını düşməndən azad edə bilər. Bütün dünya yaxşı bilir ki, Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı və Ermənistan tərəfi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini ən qısa müddətdə icra etməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Münaqişənin müharibə yolu ilə davam etməsi Ermənistan hökumətinin seçimidir. Danışıqlar masasında iradə və dürüstlük, döyüş meydanında əzm və mərdlik nümayiş etdirə bilməyən Ermənistanın təxribatçı, siyasi-hərbi hakimiyyəti hazırda çıxılmaz vəziyyətdədir. Atəşkəsin elan olunduğu vaxtdan (1994) bu günə qədər danışıqların davam etdirilməsinə baxmayaraq, Ermənistan tərəfinin səsləndirdiyi absurt bəyanatlar, törətdiyi təxribatlar münaqişənin artıq hərbi müstəvidə həll olunacağını göstərdi.
Hazırki vəziyyətdə münaqişənin hərbi yolla davam etməsi Ermənistan tərəfini tamamilə sarsıdır. Ölkədə mövcud olan iqtisadi böhran, pandemiya şəraitində səhiyyə sisteminin iflic vəziyyətdə olması, ölkə vətəndaşlarının xüsusən də gənclərin özlərinə məxsus olmayan torpaqlar uğrunda müharibəyə məcburi şəkildə cəlb edilməsi ölkə əhalisinin kütləvi narazılığı və ölkədaxili müxalifətin daha da fəallaşması ilə müşahidə olunur. Müharibə davam edəcəyi təqdirdə Ermənistanın iqtisadi-siyasi baxımdan çökmə prosesi sürətlənəcəkdir.
Döyüş meydanında ardıcıl məğlubiyyətə, danışıqlar masasında davamlı uğursuzluğa düçar olan Ermənistan tərəfi bu vəziyyətin yaranmasında heç şübhəsiz ki, müqəssir kimi Paşinyanı görür. Siyasi və hərbi sahədə azda olsa anlayışı olan hər kəs yaxşı bilir ki, ən qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi tərk etməsi və sülh üzrə danışıqlara başlanması onlar üçün ən uğurlu seçim olacaqdır.
Təəssüflər olsun ki, daha öncələr danışıqlar müstəvisində qəbul edilmiş prinsiplər əslində Paşinyan hökuməti üçün daha sərfəli yol olduğu görülmədi, düzgün dəyərləndirilmədi. Danışıqlara əbədi və əzəli torpaqlarımızda qanunsuz şəkildə yaradılmış qondarma respublikanı da cəlb etmək istəyən Paşinyan hökuməti tənəzzülə məhkumdur. Bu istiqmətdə edilən cəhdlər dəfələrlə həm ölkəmiz, həm də ATƏT-in həmsədrləri tərəfindən rədd edilmişdir. Ermənistan tərəfi üçün ən yaxşı seçim mərhələli şəkildə müəyyənləşmiş prinsiplərə əməl etmək, beynəlxalq müstəvidə əvvəlcədən müəyyən edilmiş və qəbul edilmiş prinsiplər üzrə hərəkət etməkdir.
Danışıqlar masasının Ali Baş Diplomatı, döyüş meydanlarının Ali Baş Komandanı kimi cənab İlham Əliyev Azərbaycana hər iki müstəvidə şanlı zəfərlər qazandırmaqdadır. Möhtərəm Prezidentimiz, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı, doğma partiyamız olan Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin milli maraqlardan çıxış edən mövqeyi bizləri vətənpərvər gənclər kimi yetişdirir. Bu gün Azərbaycan gəncləri istər ön cəbhədə əldə silah, istərsə də arxa cəbhədə gedən informasiya müharibəsində düşmənə layiqli cavabını verir, Azərbaycanın haqq səsini dünyaya çatdırır.
Mən çox şadam ki, məndən öncəki bir neçə nəslin gənc olaraq yaşaya bilmədiyi xoşbəxtliyi yaşayıram. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə biz Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Dağlıq Qarabağ problemini özümüzdən sonrakı nəsillərə miras qoymayacağıq.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə

Keçidlər