Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə cənab Prezidentin qətiyyətli mövqeyi

19 oktyabr 2020 | 16:00

Son günlərdə rəşadətli Azərbaycan ordusunun əzəli torpağımız olan Qarabağda göstərdiyi hünər və cəsarət xalqımıza sevinc və qürur bəxş edir. Tarixin bu şərəfli dönəmində Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi qətiyyət hər bir vətəndaşın Qarabağ ətrafında vahid cəbhədə birləşib böyük ruh yüksəkliyi ilə döyüşə atılmasına səbəb olur, eyni zamanda, bütün dünyaya Qarabağ məsələsinin həllinə nida işarəsi qoymağın tam zamanı olduğunu nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə ədalətli mövqeyindən dönməzliyini bir daha ortaya qoydu. Ermənilərin humanitar atəşkəsə baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan Ordusunu hədəfə almağa davam etdiyini, bu səbəbdən də Azərbaycan Ordusunun bu hücumları cavabsız qoymadığını və düşmənə ağır zərbələr vurduğunu bəyan etdi. Ordumuzun qüdrəti qarşısında aciz qalan Ermənistanın Qarabağa muzdlu döyüşçülər yerləşdirdiyini, təxribat yaratmaqla müharibənin miqyasını və coğrafiyasını genişləndirmək niyyətini bəyan etdi.
İtkilərdən kədərləndiyini, lakin Azərbaycan xalqının iradəsinə görə sevindiyini qeyd etməklə cənab Prezident xalq-hakimiyyət, xalq-ordu birliyinin sarsılmazlığını və mübarizliyini bir daha sübut etmiş oldu.
“Azərbaycan xalqının duaları, bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızın duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruq” deyən dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığına da münasibət bildirib. Haqq savaşında ölkəmizə mənəvi dəstək olan Türkiyə xalqı və rəhbərliyinin mövqeyini yüksək qiymətləndirərək minnətdarlıq ifadə edib.
Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının birliyini, o cümlədən yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi. İstər düşmənlə döyüşdəki uğurlar, istərsə də informasiya müharibəsində qazanılmış nailiyyətlər milli həmrəyliyimizi, Azərbaycan övladlarının cəsarət və mübarizliyini göstərməklə yanaşı bir daha sübut etdi ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri bütün zamanlarda və bütün meydanlarda aktualdır.

84 nömrəli tam orta məktəbin direktoru Şəfəq İbişova

Keçidlər