Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması vacibdir

18 oktyabr 2020 | 16:00

Ölkəmiz üçün tarixi vacib məqamların yaşandığı bir vaxtda informasiya məkanında aparılan mübarizənin rolu dövrümüz üçün xüsusilə əhəmiyyətlidir. Belə ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması ölkəmizin cəlb olunduğu müharibənin xalqımızın maraqlarının qorunması və ərazi bütövlüyümüzün təmin olunması kimi şərtlərin gerçəkləşməsi ilə başa çatması üçün olduqca vacibdir.
Son günlərdə fəal şəkildə xarici televiziya kanallarına və aparıcı xəbər agentliklərinə ard-arda müsahibələr verən Cənab Prezident İlham Əliyev xalqın iradəsini və dövlət siyasətinin məğzini aydın şəkildə ifadə etməklə hazırda Azərbaycanda baş verən hadisələri, cəbhədəki siyasi-hərbi durumu dünyanın diqqətinə çatdırmaq istiqamətində əhəmiyyətli işlər görür.
Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə də bu nöqteyi nəzərdən böyük əhəmiyyət daşıyır.
Sentyabr ayının 27-də Ermənistanın növbəti hərbi təxribata əl ataraq Azərbaycanın yaşayış məntəqələrini hədəf alması mülki əhali və hərbi qulluqçular arasında itkilərə səbəb oldu. Xeyli sayda ev dağıldı, yararsız vəziyyətə düşdü. Cəbhə xəttindən uzaq məsafədə yerləşən Gəncə şəhəri də raket hücumlarının hədəfinə çevrildi. Ermənistan hərbi-siyasətinin çirkin siması özünü hər addımda aydın ifadə etdi. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri vətənimizə və onun dinc sakinlərinə qarşı yönəlmiş hərbi təcavüzün qarşılığını yalnız cəbhə bölgəsində verir. Bunun nəticəsi olaraq Ermənistan ciddi hərbi itkilərlərlə üzləşir. Qarşı tərəfin müdafiə mövqelərinin ərazinin relyefi baxımından daha əlverişli olmasına baxmayaraq ordumuzun qarşısında duruş gətirə bilməməsi və uzun illərdir işğal altında saxladığı torpaqlarımızdan geri çəkilməsi danılmaz gerçəkdir. Hazırkı vaxta qədər əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonu və rayonun bir çox kəndləri, Fizuli rayonunun bir çox kəndləri, Murovdağda yerləşən əhəmiyyətli yüksəkliklər və  Suqovuşan işğaldan azad edilmişdir.
Azərbaycan tərəfində muzdlu döyüşçülərin vuruşması ilə bağlı yalan və əsassız iddialar irəli sürən hər kəs bilməlidir ki, Azərbaycan ordusunun potensialı və gücü bütün dünyaya məlumdur və bizim hansısa əlavə qüvvəyə, xüsusən də terrorçulara ehtiyacımız yoxdur.
Münaqişənin həlli istiqamətində atılacaq hər hansı bir addım Azərbaycanın beynəlxalq hüquq səviyyəsində tanınmış ərazilərinin işğaldan azad olunmasının vacibliyini özündə ehtiva etməlidir. Belə  ki,  sözügedən ərazilərin təkcə hüquqi deyil, eyni zamanda tarixi müstəvidə də Azərbaycana məxsus olduğunu təsdiqləyən bir çox faktlar mövcuddur. XIX əsrdə Qarabağ xanlığının Rusiyanın tabeliyinə keçməsini rəsmiləşdirən Kürəkçay müqaviləsində erməni əhali barədə bir kəlmə belə olmaması onu göstərir ki, həmin vaxt sözügüdən ərazilərdə ermənilər olmamışlar. Ermənilərin Qarabağ ərazisinə kütləvi yerləşdirilməsi I və II Rus-İran müharibəsindən sonraya təsadüf edir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurularkən də Qarabağ həmin dövlətin sərhədləri daxilində mövcud olmuşdur. Bütün sadalananları nəzərə alaraq regionda əsaslı və davamlı sülh naminə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması vacibdir və zəruridir.
Ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını arzu edən dövlətimiz Rusiyanın mövcud vəziyyətlə bağlı ədalətli mövqe nümayiş etdirəcəyinə və Rusiya ilə Azərbaycan arasında siyasi, mədəni, turizm və digər sahələrdə mövcud olan münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə ümid edir.

327 saylı tam orta məktəbin direktoru Səadət Məmmədova

Keçidlər