Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Zəfər müjdəçisi

17 oktyabr 2020 | 16:00

Azərbaycan xalqı, Azərbaycan dövləti eyni zamanda bütün Qafqaz çox önəmli günlər yaşayır. Hadisələrin mərkəzi Azərbaycan, baş qəhrəmanı cənab Ali baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusu, Azərbaycan xalqıdır. Qəhrəman Azərbaycan ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir, müstəqil dövlətimizin, xalqımızın haqq sözünün ifadəsidir. Hər zaman uğurlu siyasət, doğru addımlar ilə Azərbaycan gerçəkliklərini, erməni vandalizmini bəyan etməklə cənab prezidentimiz bunları dünyaya çatdırmışdır. Bu siyasət hər zaman davam edir. Hətta müharibə şəraitində də prezidentimizin dünyanın ən nüfuzlu telekanallarına verdiyi müsahibələr, Azərbaycan həqiqətlərini hər kəsə çatdırması təkcə prezident kimi yox, eyni zamanda ölkəsinə, millətinə can qayğısı ilə yanaşan bir siyasətçimizin olduğunu sübut edir. Təbii ki hər zaman olduğu kimi ilk öncə yanımızda olan dəstəkçimiz Türkiyə xalqı, Türkiyə hökuməti olmuşdur.
“İki dövlət, bir millət” ifadəsi əbəs yerə deyilməyib. Qardaş Türkiyə istər hərbi, istər sülh şəraitində hər zaman yanımızdadır, mənəvi qayğısını əsirgəmir.
Cənab Prezidentin 14 oktyabr 2020-ci il “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsində də bunun biz bir daha şahidi olduq. Türkiyənin sadə vətəndaşından tutmuş ən yüksək rütbəli dövlət məmuruna kimi dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana rəğbəti, qayğısı danılmazdır. Təbii ki, prezidentimiz bu müsahibəsində də bir çox nüanslara, ən incə məqamlara da toxunaraq Azərbaycan xalqının başqa xalqın torpağında gözü olmadığını, xalqımızın öz dədə-baba torpaqlarına qayıtmaq istəyi olduğunu qeyd etdi. Erməni qəsbkarlarının yalnız silahlı qüvvələrlə vuruşmadığı, eyni zamanda mülki əhalimizə qarşı da terror aktları törətməsi, atəşə tutmasına da toxundu. “Humanitar Atəşkəs” müqaviləsinin hələ mürəkkəbi qurumamış erməni qəsbkarlarının Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində dinc əhalinin ölümünə səbəb olmasını terror, soyqırım kimi bütün dünyaya çatdırdı. “Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi”. Sitatın sonu.
Cənab prezident, biz Sizə, uğurlu siyasətinizə inanırıq!
Əminəm ki, bütün torpaqlarımız işğaldan azad olunacaq və Siz o cənnət-məkan şəhərlərimizdən, bütöv Azerbaycandan bütün dünyaya öz mesajlarınızı verəcəksiniz. Çünki hər bir əmrinizi yerinə yetirəcək güclü, rəşadətli Azərbaycan ordusuna, yumruq kimi ətrafınızda sıx birləşən qorxubilməz xalqa maliksiniz. Azərbaycan inamla, inancla qalib gələcək.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bunu tarix dedi, bunu zaman dedi, bu gün dedi.
Qasımova Ayşat Mahmud qızı 118 nömrəli məktəbin müəllimi

Keçidlər