Suraxanı rayonunda Respublika günü qeyd edildi
27 may 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “28 may - Respublika günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycanın müstəqillik tarixi” mövzusunda rayon gəncləri ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Bu illər ərzində Mərkəz rayonun ideoloji mərkəzinə çevrilmişdir. Ötən 5 ildə Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 130-dan yuxarı tədbir keçirilmişdir.
Mərkəzin 3-cü mərtəbəsində Elektron lektoriya zalında keçirilən tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbəri elan edildi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı və 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti yaradıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi.
Sevinc Hüseynova vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ölkəni elə bir ağır durumla üz-üzə qoydu ki, xalq bu müstəqilliyin sevincini yaşamaq yox, vəziyyətdən çıxış yolu axtarmağa başladı. Digər tərəfdən də silahlı qüvvələrin torpaqların deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəçisinə çevrilmələri ərazilərimizin bir-birinin ardınca işğalına yol açırdı.
Belə dözülməz, ağır vəziyyətdə xalq öz xilaskarını axtardı, həyatını xalqına, dövlətinə həsr edən Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etməklə Azərbaycanın gələcək inkişafının təməlini qoydu.
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev xalqının səsinə və çağırışına biganə qalmayaraq yenidən ölkə rəhbərliyinə qayıtdı, "Həyatımın qalan hissəsini də xalqıma bağışlayıram" deyərək müasir Azərbaycanın memarına və qurucusuna çevrildi.
Ulu Öndər Heydər Əliyev qeyri-adi bacarığı, iradə və qətiyyəti sayəsində Azərbaycanı məhvolma təhlükəsindən qurtardı, xaos, anarxiya və özbaşınalıq bataqlığından çıxardı, qısa müddətdə ölkədə möhkəm və dönməz sabitlik yaratdı. Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi.
Natiq qeyd etdi ki, Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən, tarix üçün bir an qədər çəkən müddətdən sonra geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər və beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoymuşdur. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir Azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır.
Bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, geniş biliyə sahib olması və analitik düşüncə tərzinin nəticəsində mümkün olmuşdur.
Natiq xüsusi vurğulamışdır ki, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarına sadiq qalaraq bu istiqamətlərdə ardıcıl və məqsədyönlü işləri davam etdirməkdədir.
Sevinc Hüseynova çıxışını bu sözlərlə yekunlaşdırdı: “Güc birlikdədir”. Biz məhz birlik sayəsində, əlbir səylərlə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanımızın qüdrətini və şöhrətini artıra bilər, vətənimizi dünyanın ən qabaqcıl ölkəsi səviyyəsinə qaldıra bilərik. Ulu Öndərimiz məhz bunu arzulayırdı, bunun üçün çalışırdı və bizə də bunu vəsiyyət etmişdir. Gəlin, Ulu Öndərimizin adına, şöhrətinə əziz xatirəsinə layiq olaq.
Məruzə ətrafında çıxış edənlər qeyd etdilər ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycan tarixində Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Ümummilli Liderdir.
Tədbiri yekunlaşdıran Sevinc Hüseynova qeyd etmişdir ki, Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı. Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək əvəzsiz varisini yetişdirdi.
Sonda Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət” filmə baxış oldu.