"Hərbi zəmindən diplomatik zəminə keçidə Ermənistan əngəldir!"
Bütün dünyada kök atmağa çalışan, böyük Ermənistan xülyası ilə yaşayan heç bir şəxsi tarixə, mədəniyyətə, torpaqlara malik olmayan Ermənistanın atəşkəsi dəfələrlə ağır şəkildə pozması 30 illik səbrimizin daşmasına səbəb oldu. Sentyabr ayında pozduğu atəşkəsə Azərbaycanın qüdrətli ordusu tərəfindən tutarlı cavab alan düşmən daha sonra havadarı olan ölkələrə yalvarmağa və atəşkəsin yenidən əldə olunması üçün dil tökməyə başladı. Bu müddət ərazində Ermənistanın dəstəkçiləri olmadımı? Təbii ki oldu.
Təəsüf edərək qeyd etməliyəm ki, müasir dünyada hələ də dini ayrı seçkilik, islamafobiya səbəbi ilə bir çox İslam ölkələri təklənir, ərazisi işğal olunur. Bugünədək yüksək pafosla çıxış edən, bəyanatlar yayan nə beynəlxalq təşkilatların, nə də böyük dövlətlərin multikultural davranışını görməməkdəyik.
Yazılmayan qanunlarla davranış sərgiləyən Amerikadan tutmuş, Avropa dövlətinə qədər hamısı İslam nifrətini səssiz qalaraq və ya guya sülhə çağırırmışcasına göstərir. Və elə həmin dövlətlərin əksəriyyəti terrorçu Ermənistana açıq və ya üstüörtülü şəkildə dəstək verir, İslama olan nifrətini bu yolla bildirməkdə davam edir.
Ən çətin məqamda Vətənimizə dəstək ilk olaraq, qardaş Türkiyə Respublikasından gəldiyi kimi hazırda bu dəstək ən yüksək şəkildə davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin də Haber Globala verdiyi müsahibəsində qeyd etdiyi kimi fasiləsiz olaraq istər televiziya kanallarında, istər digər kütləvi informasiya vasitələrində Azərbaycana qarşı olan terroru işıqlandıran qardaş ölkə erməni terrorunu dünyaya tanıtmaqdadır.
Çıxış zamanı eyni zamanda qeyd olundu ki, Türkiyə bu məsələnin həll olunmasında mütləq fəal rol oynamalıdır. "Hansı məsələ Türkiyəsiz həll olunur ki?!" deyərək Prezident bir daha Azərbaycan və Türkiyə qardaşlığını qəti şəkildə vurğulamış oldu.
Cənab Prezidentin çıxışı zamanı toxunduğu digər məsələ humanitar atəşkəs məsələsi idi ki, bunu da tam sadəliyi ilə izləyicilərin diqqətinə çatdırdı. İmzalanan humanitar atəşkəsin Ermənistan üçün geri çəkilmək və əzəli Azərbaycan torpaqlarının boşaldılması və regionda müharibəyə son verilməsi üçün bir şans olduğunu vurğulayan Prezident, Paşinyanın şüursuz və ağır psixoloji vəziyyətdə qeyri sağlam qərarlar verdiyini də dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Sırf selfi çəkdirmək üçün öz vətəndaşlarının həyatını heçə sayan, qeyri professional addımlar atan və strateji mövqelərin artıq Azərbaycanın nəzarəti altında oıduğunu nəzərə almadan atəşkəsi pozan terrorçu Paşinyanın siyasi karyerasının əslində elə bu döyüşlərlə sona çatacağını düşünməkdəyəm.
İnanıram və əminəm ki, tezliklə islamafob dövlətlərin də istəyinin əksinə olaraq Müstəqil Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edəcək, həm Ali Baş Komandanımızın həm bütün hərbi heyətimizin dünya telekanallarına verdiyi reportaj Qarabağdan canlı yayımlanacaq!
Suraxanı Rayon Gənclər İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva