Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev: “Hər bir Azərbaycan vətəndaşı inanır ki, üçrəngli bayarğımız işğalda olan bütün torpaqlarımızda dalğalanacaq. Bütün o torpaqları biz cənnətə çevirməliyik.”

14 oktyabr 2020 | 16:00

Son günlər Vətənimizdə gərgin günlər yaşanır. Daha doğrusu Azərbaycan Vətən müharibəsi aparır. Cəbhədən Azərbaycan Silahlı Qüvvələrinin uğurları haqqında xəbərlər alırıq. Eyni zamanda Ermənistanın hücumları nəticəsində dinc əhali arasında da itkilər müşahidə olunur, infrasturuktura zərər vurulur. Belə gərgin günlərdə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin siyasi liderlik fəaliyyəti özünü bir daha biruzə verir. Xüsusilə son günlərdə ölkə başçısının Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibəni qeyd etmək lazımdır.
Müxbirin "mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?" sualına İlham Əliyev:" Biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir."-cavabını verdi.
Suallara həmişəki kimi düşünülmüş və dürüst cavablar verən prezident qeyd etdi ki, Azərbaycan informasiya baxımından çox irəliləyib və həqiqəti dünyaya çatdırır. Biz tarixi ədaləti bərpa etmək istəyirik. Qardaş Türkiyənin Azərbaycanın yanında olması bizə çox əhəmiyyətlidir.
Atəşkəs rejiminin pozulmasından söz açan prezident qeyd etdi ki, atəşkəs rejimi tətbiq olunduqdan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulmuşdur.
Bu gün artıq bütün dünyaya məlumdur ki, ermənilər gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədiblər. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Toçka-U” raketləri ilə atəşə tutmuşlar. Bombardman nəticəsində onlarla insan həyatını itirmiş, evlər dağıdılmış, təsərrüfata külli miqdarda zərər dəymişdir.
Ali Baş Komandan bunu "erməni faşizminin eybəcər sifətinin növbəti təzahürü" adlandıraraq qeyd etmişdir: "Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi."
Bəli, ölkə başçısının qeyd etdiyi kimi, biz haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.
Müsahibəsində status-kvo haqqında danışan prezident qeyd etdi ki, Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. "Artıq status-kvo yoxdur. Status–kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır.
İlham Əliyevin digər çıxışlarında olduğu kimi, bu müsahibəsi də hər bir azərbaycan vətəndaşının qəlbində inam hissini artırır. Hər bir Azərbaycan vətəndaşı inanır ki, üçrəngli bayarğımız işğalda olan bütün torpaqlarımızda dalğalanacaq. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar. Çünki, Qarabağ Azərbaycandır!

Qəhrəman Qəhrəmanov adına 65 №-li tam orta məktəbin direktoru Miriyev Arzu

Keçidlər