Ali Baş Komandanın yürütdüyü hərbi siyasəti dəstəkləyirik və millət olaraq arxasındayıq.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı dövlətin birmənalı, qəti münasibətinin ifadəsidir, xalqın iradəsinin bəyanatıdır, tarixi silkələyən bəyanatdır..!
Dağlıq Qarabağ Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olub 30 ilə yaxındır işğal altındadır. Qarabağ probleminin kökündə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır. Münaqişə bədnam qonşularımızın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlandı, ildən-ilə genişlənərək Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon işğal olundu, 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak oldu, 50 min nəfər isə əlil oldu. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşdü, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Azərbaycan dövləti uzun illərdir münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində fəaliyyət göstərmiş, təəssüf ki, qənaətbəxş nəticələr əldə edilməmişdir.
Azərbaycan ərazisinin nəinki cəbhə boyu bölgələri, hətta dövlət sərhəddi boyu yerləşən əraziləri müntəzəm olaraq Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Belə ki, 2016-cı ilin əvvəlində Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutdu. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralandı. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edildi.
Ermənistan siyasi və hərbi təxribatlarını davam etdirdi. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutdu. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirildi. 2020-ci il iyul ayının 12-də Ermənistan tərəfinin növbəti təcavüzkar həmləsi işğal altında olan torpaqlarımızda deyil, Azərbaycan və Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində oldu. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən adekvat cavab atəşləri ilə susduruldu.
Ermənistan öz işğalçı məqsədlərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6-00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də, işğalda olan Füzuli və Cəbrayıl rayonlarındakı kəndlərimiz, Murovdağ zirvəsi, Madagiz ətrafındakı yüksəkliklər ordumuz tərəfindən işğaldan azad edildi.
Rusiya prezidenti Vladimir Putin Qarabağ cəbhəsində atəşi dayandırmaq məqsədilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışaraq döyüş meydanından meyitləri götürməyə şərait yaratmaq və hərbi əsirləri dəyişmək zərurəti ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Zöhrab Mnasakanyana məsləhətləşmək üçün oktyabrın 9-da Rusiya paytaxtı Moskvaya gəlməyi təklif etdi və görüşdə tərəflər arasında 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs sazişi imzalandı. Buna baxmayaraq istər öz xalqını, istərsə də beynəlxalq ictimaiyyəti öz yalan bəyanatları ilə bezdirən Ermənistan hakimiyyəti atəşkəsi pozdu, mənfur xislətindən əl çəkmədi, itirdiyi torpaqları geri almağa cəhd etdi və silahlı qüvvələrimiz tərəfindən geri otuzduruldu. Məğlub edildiyini qəbul etməyərək növbəti cinayətə əl atdı və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni, əhalinin sıx yaşadığı əraziləri oktyabrın 11-i gecə saatlarından etibarən raket atəşinə tutdu. Nəticədə 9 nəfər həyatını itirdi, 39 nəfər yaralandı. Yaralananlar arasında azyaşlı uşaqlar var. Bu, Ermənistan höküməti tərəfindən Xocalı faciəsindən sonra törədilən növbəti terror aktıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.
10-u və 11-i oktyabr tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Biz, işğalçı və separatist mövqe tutan, Ermənistan rəhbərliyinin hərəkətlərini qətiyyətlə pisləyir və dünya birliyinin bu cinayətə münasibət bildirməsini və qarşısının alınmasını tələb edirik! Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı dövlətin birmənalı, qəti münasibətinin ifadəsidir, xalqın iradəsinin bəyanatıdır, tarixi silkələyən bəyanatdır..
Ali Baş Komandanın yürütdüyü hərbi siyasəti dəstəkləyirik və millət olaraq arxasındayıq. #Qarabağbizimdir #QarabağAzərbaycandır!
118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev