Suraxanıda “İgid” güləş idman klubunun açılışı olmuşdur
Suraxanı rayonu Bülbülə qəsəbəsində “İgid” güləş idman klubunun açılışı olmuşdur. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən idman təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çəxəş edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, bu gün Suraxanı rayonunun idman həyatında sevindirici bir gündür. “İgid” güləş idman klubu idmançılarımızın istifadəsinə verilir. Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilmişdir. Bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir.
İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsini və iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görədə hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir.
İ.Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra bu sahəyə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilməyə başlandı. Ulu Öndərin siyasət və fəaliyyətinin davamçısı cənab İlham Əliyevin 1997-ci ildən Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməsi dövlətin idman siyasətinə yeni istiqamətlər və mərhələ gətirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə bədən tərbiyəsi və idmanın daha geniş və sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın Dünya və Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində Azərbaycan idmanının nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirir. Məhz bunun nəticəsidir ki, bu gün bədən tərbiyəsi və idman ölkə vətəndaşlarının fiziki (əqli), eləcədə mənəvi cəhətdən inkişaf etmələrinə, sosial və maddi rifahlı olmalarına,vətənin müdafiəsində yüksək səviyyədə iştirak etmələrinə və beynəlxalq yarışlarda qələbə uğrunda əzm və qətiyyətlə mübarizə apara bilmələrinə xidmət edir.
Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusi vurğulamışdır ki, 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunlar keçiriləcəkdir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu qeyd edən dövlətimizin başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycan özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir”.
İ.Abbasov daha sonra qeyd etmişdir ki, rayon əhalisinin 68814 nəfərini gənclər təşkil edir (14-29 yaş). Suraxanı rayonunda “Neftçi İdman klubu” ictimai birliyi, Hövsan Olimpiya İdman Kompleksi, 18 saylı Uşaq gənclər idman məktəbi, 21 idman klubu və Respublikamızda fəaliyyət göstərən müxtəlif federasiyaların 8 nümayəndəliyi fəaliyyət göstərir.
Rayon ərazisində 57 idman qurğusu, 4 stadion, 5 aerobika zalı, 6 trenajor zalı yerləşir. Yuxarıda qeyd olunan idman təşkilatlarında ümumilikdə 8810 idmançı məşğul olur. Onlardan 567 nəfəri beynəlxalq yarışların qalibi, 96 idman ustası, 443 nəfəri idman ustalığına namizəddir. Hövsan Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra hər il idmana cəlb olunan idmançıların sayı sürətlə artır, Kompleksdə yaradılan şərait müxtəlif idman Federasiyalarının yeni nümayəndələrinin cəlb olunmasında əhəmiyyətli rol oynayır. “İgid” güləş idman klubu da rayonun, ölkəmizin idman həyatına öz töhfələrini verəcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Olimpiya çempionu Fərid Mansurov, Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Nazim Məcidov ölkəmizdə idmanın inkişafından, əldə olunmuş uğurlardan danışdılıar.
“İgid” güləş idman klubunun sədri Kazım Əliyev idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Sonra “İgid” güləş idman klubunun açılışı oldu və idmançılar nümunəvi çıxışlar etdilər.
İdmançıların nümunəvi çıxışlarından sonra “İgid” güləş idman klubunun sədri Kazım Əliyevin yazdığı “Məşqçinin stolüstü kitabı” kitabının təqdimatı oldu. Çıxış edənlər idmançıların psixoloji hazırlığında “Məşqçinin stolüstü kitabı”nın müstəsna əhəmiyyət dağıyacağını xüsusi vurğuladılar.
Sonda “İgid” güləş idman klubunun həyətində tədbir iştirakçıları ağac əkdilər.