Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurlu əməliyyatların sonu qələbədir!

06 oktyabr 2020 | 16:00

Son günlər ordumuzun fəallığı göz önündədir. Otuz ilə yaxındır xalqımız ümüd, həsrət içində çırpınır - bəlkə sabah açılan səhər üzümüzə güləcək, torpaqlarımız yağı düşmən tapdağından azad olacaq. Otuz ilə yaxındır ki, Ulu Tanrının bizə bəxş etdiyi yeraltı, yerüstü sərvətləri, memarlıq və tarixi abidələri ermənilər söküb talamaqla məşğuldurlar. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz düşmən tapdağındadır. Nəticədə milyonlarla soydaşlarımız köçkün həyatı yaşamaqdadırlar.
Məlumdur ki, uzun illərdir Ermənistan tarixi saxtalaşdırmaqla öz yalanlarını dünyaya nümayiş etdirməkdədir. Dünya ölkələrinin əksəriyyəti bu millətin saxta hay-küyünə və göz yaşlarına inanaraq, əsl həqiqətdən uzaq düşmüşdür.
BMT-nin 1993-cü ildə vermiş olduğu 822, 853, 874, və 884 saylı dörd qətnaməsi  30-ilə yaxındır yerinə yetirilmir, Ermənistan bu qətnamələri heç vecinə almır. Bu gün Azərbaycan Ordusu bu qətnamələrin icrasını yerinə yetirirsə, bütün dünya, o cümlədən Minsk qrupunun həmsədri kimi Fransanın prezidenti Emmanuel Makron Azərbaycan Respublukasının prezidenti İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdar olmalıdır. Oktyabrın 1-də ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin (ABŞ, Fransa və Rusiya) prezidentləri bəyanat yayaraq hərbi əməliyyatları dayandırmağa çağırış etdilər. BMT-də bu oxşar çağrışla bağlı çıxış etmişdir. Sual meydana çıxır - Əcaba, biz nəyi dayandırmalıyıq-analarımızın göz yaşlarını, yoxsa axıdılan qanları, istəyirsiz 30 il yaşatdıqlarınızı sonu görünməyənə  qədər yenə də yaşayaq?!
Fransa BMT-nin bizim ərazi bütövlüyümüz haqqında çıxardığı 4 qətnaməyə səs verib. İndi isə qarşıdan prezident seçkiləri gəlir deyə, Fransada yaşayan erməni lobbisindən səs gözləyir, onun üçün də belə düşünülməmiş addımlar atır. Onun verdiyi müsahibə və bəyanatlar şəxsi maraqlara söykənir. Fransa ATƏT-in Minsk qrupunda həmsədirlikdə qalmamalıdır. O neytrallığını, bitərəfliyini saxlaya bilmədi, açıq şəkildə Ermənistana dəstək verir, belə vasitəçi olurmu? E.Makronun bütün deyimləri, bəyanatları öz çevrəsinə, daxili auditoriyasına hesablanıb. Beynəlxalq hüququn bütün müddəlarına görə Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır, ya biz millət olaraq məhv olmalıyıq, ya da Qarabağı heç kəsə verməyəcəyik.
Bu məqamda bəzi faktları sadalamaq yerinə düşər.
-Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər sərsəm çıxışları, bəyanatları xalqımızın böyük hiddətinə səbəb olmuşdur. “Lələtəpə” , “Tovuz döyüşləri”, avqustun 23-də Goranboy istiqamətinə göndərdiyi diversiya-kəşfiyyat qrupunun törətdiyi məlum hadisələrdən  sonda işğalçı ölkənin arası kəsilməyən hücumları ordumuzu əks-hucuma keçməyə vadar etmişdir. Əlbət ki, işğalçılıq hüdudlarını genişləndirməyi qarşısına məqsəd kimi qoyan Ermənistanın siyasi rəhbərləri xarici ölkələrdən könüllülük əsasında muzdlular gətirməyə başladı. İşğal olunmuş ərazilərimizə Livandan, Suriyadan, Fransadan, Amerikadan gətirilmiş etnik erməni  quldurları, axtarışda olan PKK, PYD, PYG ünsürləri Azərbaycanın tarixi, əzəli torpaqlarında narkotika becərməklə terrorlar törətməyə başlayıblar. Burada az vaxt içərisində erməni hərbi birləşmələrinin yaradılması onu göstərdi ki, erməni hakimiyyəti sülh danışıqlarını bilərəkdən pozur, danışıqlar masasına oturmaq istəmir. Xankəndinə Ermənistanın rəhbərlərinin mütəmadi olaraq gəlmələri təcavüzkar ölkənin məkrli üzünü bir daha açıb göstərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  işğalçı ölkənin hədəflərini, planlarını yaxşı görürdü. Onun üçün Ali Baş Komandanımız  İlham Əliyev düşmənin hücumuna qarşı əks-hücum əmrini verdi. Göründüyü kimi ordumuzun döyüşdüyü torpaqlarda nəticələr göz qabağındadır, saatbasat, dəqiqqəbədəqiqə əsgərlərimiz irəliləyir.
Suqovuşanın (Madagiz kəndi) azad olunması, Cəbrayıl şəhərinin və onun xeyli sayda kəndlərinin işğalçılardan təmizlənməsi xalqımızda ruh yüksəkliyi yaratmışdır.
Oktyabrın 4-də 100 mindən çox əhalisi olan Mingəçevir şəhəri raket atəşinə tutulması nəticəsində ölən və yaralananlar var. Dinc əhaliyə qarşı bu qəbuledilməzdir.
Bəli, Ölkə Prezidenti cənab İlham Əliyevin təhlükəsizlik və xarici siyasət sahəsində atdığı çevik strateji addımlar hər vaxt diqqət mərkəzindədir. Son günlər möhtərəm Prezidentin çıxışları, telekanallara müsahibələri, böyük qələbədən xəbər verir. Demək istəyirəm, Şəhid versək də xalq sevinc içərisindədir. 30 ildən artıqdır xalqın gözlədiyi bu an yetişib, xalq silaha sarılıb sözünü demək istəyir, düşmənə  kimin-kim olduğunu sübut etmək istəyir, həvəsdi- bəsdi, ordu-xalq Ali Baş Komandan başda olmaqla birdir.
Sentyabrın 27-si günü tarixə qızıl hərflərlə yazılacaq. Biz ordumuzla qürur duyuruq. Bu gün cəmiyyətimizdə çox güclü milli həmrəylik nümayiş olunur. Xalq müharibənin bitməsini yox qələbəni gözləyir.
Rusiyanın bütün rəhbərliyi, Amerikanın, Fransanın, Almaniyanın, bütün rəhbərləri, prezidentləri Cənab Prezidet İlham Əliyevə zəng vuraraq müharibənin dayanmasını xahiş edirlər, lakin onlar başa düşmürlər ki, işğalçı dövlət Azərbaycan torpaqlarından çıxmalıdır ki Azərbaycan əks hücumu dayandırsın.
Qardaş Türkiyənin Cumhur Başqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Parlamentinin sədri Mustafa Şentorun - “Türkiyə var qüvvəsiylə Azərbaycanın yanındadır” ifadəsi, Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan kimi dost ölkələrin “-Biz sizin yanınızdayıq” -deməsi bizi qürurlandırır. İslam dünyasında Azərbaycan dünyəvi dövlət kimi tanınır. Bu ölkədə bütün millətlərin dinləri, inancları azaddır. Bizi məyus edən faktorlar da az deyil, əgər İslam həmrəyliyi Misirdə Ermənistan prezidentinin ayağının altına qırmızı xalça salmaqla, qonşumuz, din qardaşımız İran gecə-gündüz Ermənistana silah, xammal, ərzaq daşıyırsa axı İslam Həmrəyliyi belə olmur. Haqq işimizdə bəzi dövlətlər susqunluq nümayiş etdirirlər. Onlar bilməlidirlər, ermənilər tarix boyu özlərində fağır, əzabkeş obrazı formalaşdıraraq özlərini dünyaya təqdim ediblər. Nikol Paşinyan xalq etirazlarıyla hakimiyyətə gəlmiş jurnalistdir. Bu gün Dağlıq Qarabağda tökülən qanın, hərbi əməliyyatların, alovlanmasında 3 aylıq jurnalist kursunun müdavimi birbaşa özü günahkardır. Biz bilirik daşnaklar onu sıxır “Böyük Ermənistan” iddiasını irəli sürürlər, Paşinyanın başqa seçimi qalmır.
Azərbaycan Prezidenti İlham Əliyevi milli maraqlardan heç kim döndərə bilməz. O, prezident olaraq öz siyasətini davam etdirir, beynəlxalq hüquq çərçivəsində torpaqlarımızı geri qaytarmağa çalışır. Təkrar vurğulamağa dəyər ki, bu günlərdə siyasi partiyaların prezidentlə həmrəylik nümayiş etdirməsi bir daha onu göstərdi ki, xalq prezidentin prezident xalqın arxasındadır. Azərbaycan ordusu bu gün tarix yazır. Bizim işimiz haqq işidir. Cəsusluq sindromu erməniləri bu səviyəyə gətirib.
Cənab Prezident demiş - Erməninin bizim torpaqlarımızda nə işi var? Döyüşdə qələbələrimiz çoxdur. Uğurlu əməliyyatların sonu qələbədir!

Maşallah Məftun, Hərbi ekspert, Qarabağ qazisi

Keçidlər