“QƏLƏBƏYƏ DOĞRU, İLHAMLA İRƏLİ!”
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə
İllərdir düşmən tapdağında qalan torpaqlarımız və bu torpaqların hər bir qarışı uğrunda gözünü qırpmadan canını verməyə hazır, Ali Baş Komandanın hər bir əmrinə müntəzir igid vətən oğullarımız bu gün cənab Prezidentin «Döyüşə!» əmriylə düşmənin gözünə qorxu salaraq Şuşaya, Xankəndinə doğru sürətlə irəliləyirlər. Əminəm ki, bu Vətən Müharibəsində şanlı Azərbaycan əsgəri işğalçı, faşist erməni əsgərlərinə layiqli dərs verəcək, doğma el - obamızı onların mənfur tapdağından azad edəcəkdir.
Bu gün cəbhəyə könüllü gedən igid oğullarımız, onları bayram əhval - ruhiyyəsiylə yola salan valideynləri sanki «Bizdə igid tükənməz, Vətən bölünməz!» sözləriylə düşməni vahiməyə salır. Ordumuzun bütün cəbhəboyu erməni faşistlərinə verdiyi gözdağı, göstərdiyi şücaət XXI əsrdə Azərbaycan əsgərinin yazdığı növbəti qəhrəmanlıq dastanı olaraq tarixə yazılır. Dövlətimizin, Prezidentimizin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsgərlərimizə, qazilərimizə, şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı bu şanlı tarixi yazan Azərbaycan ordusuna mənəvi güc verir.
Xalqımız Prezidentimizin vətəninə, millətinə olan sevgisini görüb «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm!» sözlərinə sevgisi ilə qarşılıq verərək onu hər mövzuda dəstəkləyir. Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın yaralı hərbçilərlə görüşündə biz bu sevginin bir daha şahidi olduq. Bu görüşdə ölkə başçısının Azərbaycan əsgərinin xilaskar, erməni əsgərinin isə işğalçı olduğunu qətiyyətlə vurğulaması Azərbaycanın haqq yolunda olduğunu, bu müharibənin xalqımızın haqq və ədalət uğrunda apardığı bir savaş olduğunu bir daha bütün dünyaya göstərdi. Əminliklə deyə bilərik ki, cənab Prezidentin bu görüşdə hərbçilərlə səmimi söhbəti, onlara göstərdiyi yüksək diqqət və qayğı, birinci xanım Mehriban Əliyevanın hərbçilərimizə göstərdiyi doğma ana şəfqəti xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır.
Sonda onu da bildirmək istəyirəm ki, mən də bir gənc olaraq cənab Prezidentin əmriylə cəbhəyə getməyə və son damla qanıma qədər vuruşmağa hazıram.
QƏLƏBƏYƏ DOĞRU, İLHAMLA İRƏLİ!