Şriftin ölçüsü :

Saytın rəngi :

“QARABAĞ AZƏRBAYCANDIR!”

03 oktyabr 2020 | 16:00

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı  Zülfiyyə Mustafayeva

Hər birimizə və bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara məlumdur ki, uzun illərdir erməni təcavüzkarları tərəfindən zəbt olunan torpaqlarımızın sülh danışıqları çərçivəsində düşməndən azad olunmasına çalışılsa da, 30 ilə yaxın bir müddətdə bütün danışıqlar nəticəsiz qalmış və beynəlxalq hüququ heçə sayan Ermənistan atəşkəsi dəfələrlə pozaraq yüzlərlə vətəndaşımızın həyatını itirməsinə, tarixi abidələrimizin, inzibati binalarımızın ağır zərər görməsinə, dağıdılmasına səbəb olmuş, Azərbaycana ağır maddi və mənəvi zərərlər vurmuşdur.
Ancaq bu dəfə işğalçı Ermənistan Respublikası səbr kasasının daşmasına səbəb oldu. Qüdrətli Azərbaycan ordusu elə ilk gündən düşmənin dərsini verərək öz gücünü bir daha sübut etdi. Və bunun ardıyca Ali Baş Komandanın qismən səfərbərlik elan etməsi, gənclərin qisas ruhunu birə min artırdı.
Torpaqların azadlığı varsa, müharibə varsa, təbii ki, yaralanmaların, itkilərin olması da danılmaz deyil.
Lakin, qayğısı daim ölkə vətəndaşları üzərində olan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaralı əsgərlərə baş çəkməsilə əsgərlərin döyüş ruhunu daha da artırmış oldu.
Göstərilən bu diqqət gənclərin psixoloji vəziyyətlərinə müsbət təsiri ilə yanaşı hərbi-vətənpərvərlik hisslərinin güclənməsində rol oynayan ən vacib amildir.
Cənab Prezidentin yaralı əsgərlərə "Əziz uşaqlar!" deyə müraciəti bütün çıxış boyu mənə daha çox təsir edən məqamlardan biri oldu. Bu müraciət ölkə başçısının hər bir gənci öz övladı, balası kimi gördüyünün göstəricisi idi.
İndiyədək Qarabağ uğrunda Şəhid olan oğullarımızın ailələrinə, Qarabağ qazilərinə dövlət səviyyəsində göstərilən sosial dəstək, təqdim olunan mənzillər, hər cür məişət probleminin həll olunması və diqqətdə saxlanılması, bu gün və bundan əvvəlki döyüşlər zamanı yaralanan əsgərlərə göstərilən diqqət və qayğı hərbçilərin və bütün gəncliyin Ali Baş Komandanın ətrafında sıx birləşməyinin səbəbkarı olmuşdur.
Dövlət başçısı İlham Əliyevin öz çıxışında "Mən sizi həm təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib." deməsi yaralı əsgərlərimizlə yanaşı onları televiziyadan izləyən əsgər analarını qürrələndirdi, yetişdirdikləri övladların fəxarətini daha çox yaşadılar.
Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi təəssüf ki, bu gün beynəlxalq təşkilatlar lazımi səviyyədə Azərbaycanın yanında deyillər, Ermənistan tərəfə demək olar ki, heç bir tutarlı təsir göstərilmir. Döyüşlər Azərbaycan torpağında gedir, işğalçı dövlət ilə mübarizə aparan Azərbaycan xalqıdır və biz öz əzəli və əbədi torpaqlarımızı geri istəyirik.
Elə buna görə də güc birlikdədir deyərək,birlik olmalı, Ali Baş Komandanın ətrafında birləşməli,gənclərin vətənpərvərlik ruhunu daha da artırmaq üçün çalışmalı və qələbə gününü səbirsizliklə gözləməliyik.Çünki, QARABAĞ AZƏRBAYCANDIR!

Keçidlər