Şriftin ölçüsü :

Saytın rəngi :

"Bizim döyüşümüz haqq döyüşüdür"

03 oktyabr 2020 | 16:00

Jurnalist Famil Fərhadoğlu

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdə Ali Baş Komandan İlham Əliyev savaş meydanında aciz durumda qalan Ermənistan rəhbərliyinə çıxış yolunu göstərərək atəşkəs şərtini bəyan etdi: “hələ ki, gec deyil, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olun!”
Əgər İlham Əliyevin bu şərtinə əməl olunarsa, döyüşlər dayanacaq, qan tökülməyəcək, bölgəyə sülh gələcək. Çünki sülhü istəyən Azərbaycandır. Belə olmasaydı, 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik.
Bizim davamız haqq davasıdır, erməni xalqı ilə işimiz yoxdur.
Azərbaycan Prezidenti həmçinin erməni xalqına müraciət edərək, üzləşdikləri acınacaqlı durumdan xilas yolunu göstərdi - erməni xalqı öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin. Əgər onlar sülh şəraitində yaşamaq istəyirsə, öz hökumətini məsuliyyətə cəlb etsin. Övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər.
Ali Baş Komandan haqlı olaraq sual etdi: "Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”
Azərbaycan əsgəri öz doğma torpağı uğrunda savaşa qalxıb. Əsgər və zabitlərimiz qəhrəmancasına döyüşərək öz torpağında yaralanır, öz torpağı uğrunda şəhid olur və dədə-baba yurdunu düşmən tapdağından azad etmək üçün silaha sarılır.
Artıq neçə gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib, strateji yüksəklikləri və bir neçə yaşayış məntəqəsini düşməndən azad edib.
Ölkəmizin başçısının çıxışından mənfur düşmənlərimiz nəticə çıxarmalıdırlar. Erməni xalqı anlamalıdır ki, işğal etdiyi torpaqlarda heç zaman möhkəmlənə bilməyəcək. Ali Baş Komandanın rəhbərliyi ilə hələ 2016-cı ildə 4 günlük aprel döyüşlərində Azərbaycan ordusunun gücü nümayiş olundu, Lələtəpə yüksəkliyi geri qaytarıldı. Daha sonra, 2018-ci ildə Günnüt ərazisinin azad edilməsi, 2020-ci ilin 12 iyulunda Tovuz döyüşlərində düşmənin itkilər verməsi, havadarlarına arxalanan erməni separatçılarına bir mesaj idi. Lakin səbrin də sonu var. Həsrətlə itirdiyi ata-baba torpaqlarına dönmək arzusunda olan Azərbaycan xalqı səbrlə 30 il bu günü gözlədi. Və sentyabrın 27-də səbrimiz növbəti dəfə sınağa çəkiləndə Ali Baş Komandanın əmri ilə ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Bu gün erməni faşistləri qüdrətli Azərbaycan Ordusunun qabağında diz çökür.
İllərlə xalqımızın haqq səsini eşitməyən, işğal olunan torpaqlarımızın geri qaytarılması haqqında yalnız yalan vədlər verən və bununla Qarabağın unudulmasına çalışan ermənipərəst qüvvələr əsgərlərimizin yenilməz igidliyini, sonsuz Vətən, torpaq sevgisini, qələbə əzmini görüb əl-ayağa düşərək Prezidentimizi müharibəni dayandırmağa, danışıqları bərpa etməyə səsləyirlər. Bu çağırışlara İlham Əliyevin verdiyi əsaslı, cəsarətli cavablar hər birimizdə iftixar hissi yaradır. Xalq bir daha şahid olur ki, Prezidentimiz ordumuzla birlikdə torpaq həsrətinə son qoymaq əzmindədir.
Bu gün on minlərlə gənc könüllü surətdə cəbhəyə getmək, düşmənlə vuruşmaq, şəhidlərimizin-günahsız insanların qisasını almaq, torpaqlarımızı işğaldan geri qaytarmaq, bayrağımızı Şuşada, Xankəndində ucaltmaq arzusundadır.
Bu istək əsl vətəndaşlığın, Ali Baş Komandana, Ordumuza inamın göstəricisidir. Şanlı Azərbaycan ordusu bu döyüşdə qalib gələcək! Çünki Prezidentimizin də dediyi kimi, bizim döyüşümüz haqq döyüşüdür.

Keçidlər