Şriftin ölçüsü :

Saytın rəngi :

"Makron Fransanın Paşinyanıdır"

03 oktyabr 2020 | 16:00

Deputat köməkçisi Pərvin Mahmudov

Dünya siyasətinə təsir etmək imkanları olan Fransa dövlətinin başçısı Emmanuel Makronun Ermənistan-Azərbaycan problemi ilə bağlı (bəli problemi Ermənistan- Azərbaycan-Dağlıq Qarabağ problemi adlandırmaq tarixi səhvdir) açıqlaması Fransa dövlətinin və xalqının adına yaraşan mövqe deyil. Əsas məsələyə keçməzdən öncə qeyd edək ki, Makron da Fransa xalqının Paşinyanıdır.
İndi keçək əsas məsələyə.
Müstəqilliyin ilk illərində yenidən hakimiyyətə qayıdan Prezident Heydər Əliyev cənabları ilk səfərini Fransaya etdi. Birincisi, Ulu Öndər bilirdi ki, Fransada güclü erməni lobbisi və ermənilər bu ölkədə alətdir. İkincisi, ermənilər dünyaya car çəkirdi ki, guya etnik problem var və guya ermənilərə qarşı etnik diskriminasiya mövcuddur. Uzaqgörən siyasi qrossmeyster Heydər Əliyev dünyanın informasiya mərkəzlərindən biri olan Parisdə dünyaya elan etdi ki, Azərbaycanda 30 min erməni gəlinimiz var. Bu əbəs yerə deyilməmişdi. Heydər Əliyev dünyaya bəyan etdi ki, bu dava etnik-dini dava deyil, bu ermənilərin TORPAQ DAVASı-dır.
Makron isə bu gün az qala Dağlıq Qarabağ problemini dini-etnik müstəvidə şərh edir. Son 20-25 ildə Azərbaycan dövləti Fransaya nə qədər maddi-mənəvi dəstək olub, təkcə Fransanın milli simvolu olan Notr-Dam kilsəsinin təmiri və restavrasiyasına Heydər Əliyev Fondunun verdiyi dəstəyi yada salaq. Yaxın keçmişə ekskursiya etsək görərik ki, Azərbaycan-Fransa münasibətləri daim inkişaf edən xətt üzrə yüksəlib. Belə ki, Cənubi Qafqaza həmişə ciddi fikir verən rəsmi Paris 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıdı. Belə bir qərarı Türkiyədən sonra ikinci qəbul edən Fransa 1992-ci il fevralın 21-də Azərbaycan ilə diplomatik münasibətlər qurdu, martın 19-da isə Bakıda öz səfirliyini açdı. Avropanın siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayan Fransa ilə Azərbaycanın diplomatik münasibətləri hələ 1918-ci ildə-Azərbaycan Xalq Cümhuriyyəti elan olunduğu vaxtdan formalaşıb.
O dövrdən etibarən dövlət və hökumət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin ildən-ilə güclənməsinə müsbət təsir göstərmişdir. 1993-cü ildə Azərbaycanın yeni dövlət başçısı, Prezident Heydər Əliyev xarici ölkələrə ilk rəsmi səfərini məhz Fransadan başlaması dostluq əlaqələrinin təməlinin qoyulmasından xəbər verdi. Azərbaycan–Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə daha da dərinləşdi. Prezident İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etdi. Bu cür siyasi gedişlər Azərbaycanın xarici siyasət kursunda Fransaya böyük önəm verildiyini göstərirdi. Ötən illərin müsbət ənənəsinin davamı olaraq Prezident İlham Əliyevin 2018-ci ilin iyulunda Fransaya rəsmi səfəri səmərəli və məhsuldar oldu. Səfər zamanı 2,3 milyard dollarlıq sazişlər imzalandı. Həmçinin səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli işgüzar görüşlər keçirildi. Fransa 1995-ci il martın 23-də ATƏM-in (sonralar ATƏT) Budapeşt sammitində Rusiya və ABŞ ilə yanaşı, Minsk Qrupunun həmsədri oldu və ona münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyası həvalə edildi.
Azərbaycan 2009-cu ildə daxil olduğu “Şərq Tərəfdaşlığı’’ proqramı çərçivəsində Avropa ilə fəal dialoq aparmağa başladı. Bu işdə Fransa xüsusi önəm kəsb edirdi. 2014-cü ilin may və 2015-ci ilin aprelində Bakıya rəsmi səfərlər edən Fransa Prezidenti Fransua Olland ilə Prezident İlham Əliyev arasında görüş səmimi və konstruktiv xarakter daşıdı. Ötən dövr ərzində çoxtərəfli beynəlxalq qurumlar çərçivəsində, xüsusilə də NATO strukturları ilə geniş əlaqələr qurulmuşdur. 2011-ci ildə Azərbaycan bu qurumla əməkdaşlıq barəsində üçüncü fərdi fəaliyyət planını təsdiq etmiş və xaricdəki sülhməramlı əməliyyatlara (Kosova, Əfqanıstan) dair öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməkdə davam edir. İki ölkə arasında münasibətlərin belə yüksək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin də özünəməxsus rolu olub. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva bu əlaqələri daim diqqət mərkəzində saxlayır, öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verib. Eyni zamanda, Milli Məclisdə Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir.
Son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil etmişdir. Azərbaycanda həm səhmdarlar, həm də tədarükçülər qismində 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycana əmtəə ixrac edən ölkələr arasında Fransa ilk onluğa daxildir. 
Bütün bunların qarşısında Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də döyüşlərin dayandırılmasının, sülh danışıqlarının davam etdirilməsinin zəruriliyini bildirməsi bir çox məqamlara aydınlıq gətirir. Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. İşğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəflilik kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin “özünəməxsus” prinsipləri mövcuddur. Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Məhz bu sevgi Fransanın heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib. Fransa Senatında qondarma “erməni soyqırımı” məsələsini tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması da bu ölkə rəhbərlərinin erməni sevgisinin göstəricilərindəndir. E.Makron prezident seçildikdən sonra 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü də elan edib.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Fransanın ermənipərəst mövqeyi və Makronun son bəyanatı vasitəçilik missiyasının üstündən xətt çəkir. İstər yerli, istərsə də xarici politoloqlar hesab edirlər ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu günə qədər Minsk Qrupunda sözünün keçərli olmaması səbəbindən bu qurumu təcili tərk etməlidir. Makronun son sərsəmləmələrindən sonra Fransanın Minsk Qrupu üzvü kimi qalması birmənalı olaraq pislənilir. Öz ölkəsinin tarixini belə dərindən bilməyən Makronun bəyanatına təbii ki, Azərbaycan tərəfi ciddi önəm vermir. Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etmək uğrunda əks hücum əməliyyatları həyata keçirir. 30 ilə yaxındır ki, səbr etdik, sülh danışıqlarına bel bağladıq. Amma heç bir nəticəsi olmadı. Odur ki, bu haqq işimizdə heç bir dövlət bizim işimizə qarışa bilməz. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tezliklə doğma torpaqlarımızı düşmən tapdağından azad edəcək. Bu gün hər kəsin Cənab İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha göstərdi ki, biz birlikdə güclüyük!

Keçidlər