Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyi təmir, bərpa və ekspozisiyasının yeni bədii tərtibatından sonra istifadəyə verilmişdir

26 may 2014 | 15:00

Bakı, 23 may (AzərTAc, Türkan Abdullayeva). Mayın 23-də Bakı şəhərinin Əmircan qəsəbəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, muzey Ümummilli Lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyinin təşkil olunması haqqında müvafiq Sərəncamına əsasən, 1994-cü ildə yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səttar Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılmış, burada rəssamın ev-muzeyinin yeni ekspozisiyası yaradılmışdır.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin açılmasını səbirsizliklə gözlədiklərini söyləmişdir.
Bildirmişdir ki, Səttar Bəhlulzadə Azərbaycan rəngkarlıq məktəbinin uca zirvəsində duran rəssamlardan biridir. Onun əsərləri dünya miqyasında keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunur.
Qeyd edilmişdir ki, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Səttar Bəhlulzadənin 100 illiyi rəssamın yaradıcılığını geniş şəkildə əhatə edən tədbirlə dünya mədəniyyətinin ən uca təşkilatı olan UNESCO-da böyük nümayəndə heyətinin iştirakı ilə qeyd edilmişdir.
Həmçinin nəzərə çatdırılmışdır ki, vaxtilə Azərbaycan hökuməti BMT-nin qərargahında Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərginin təşkilinə nail olmuşdur.
Bildirilmişdir ki, Səttar Bəhlulzadə xalq tərəfindən sevilən, hörmətlə qarşılanan, çox sadə, təvazökar, öz işini hər şeydən uca tutan şəxsiyyət idi.
Vurğulanmışdır ki, Azərbaycanı qarış-qarış gəzərək gördüklərini əsərlərində əks etdirən rəssamın mənzərələri ilə yanaşı, portretləri də diqqəti xüsusi cəlb edir. O, böyük şəxsiyyətlərin daxili dünyasını öz üslubu, özünəməxsus ustalığı ilə ifadə etməyə müvəffəq olmuşdur.
Diqqətə çatdırılmışdır ki, ev-muzeyində nəinki onun əsərləri, şəxsi əşyaları, xatirələri yaşayacaq, eyni zamanda, muzeyin birinci mərtəbəsində rəssamlıq sənətinin sirlərini öyrənmək istəyənlər üçün xüsusi salon-studiya da fəaliyyət göstərəcəkdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov rəssamla bağlı xatirələrindən, xalq arasında ona olan hörmətdən danışmışdır. Bildirmişdir ki, Səttar Bəhlulzadənin Azərbaycanın tarixində həm rəssam, həm ziyalı, həm də nadir insan kimi xüsusi yeri vardır.
Fərhad Xəlilov ulu öndər Heydər Əliyevin rəssamın sənətinə verdiyi qiymətdən, onun haqqında dediyi dəyərli fikirlərdən söhbət açmışdır.
Qeyd edilmişdir ki, bu gün həm dövlət, həm sənətsevərlər, həm də insanlar tərəfindən sənətinin vurğunu olan Səttar Bəhlulzadənin yaradıcılığına qiymət verilir və hörmət göstərilir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov muzeyin ərsəyə gəlməsində əməyi olanlara, xüsusilə Prezident cənab İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
Vurğulanmışdır ki, Səttar Bəhlulzadənin əsərləri dünyanın məşhur muzeylərində saxlanılır. Yerli və dünya muzeylərində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, rəssamın 600-dən çox müxtəlif ölçüdə tabloları, 200-dən çox qrafik əsərləri vardır.
Bildirilmişdir ki, muzeyin açılması ilə Səttar Bəhlulzadə sənətini sevənlər, ona hörmət bəsləyən insanlar bura gələrək dünya şöhrətli rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq üçün imkan əldə edəcəklər.
Sonra ev-muzeyi ilə tanışlıq olmuşdur. Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və dəhlizdən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur.
Muzeyin kiçik otağında rəssamın əsərlərinin reproduksiyaları, fotolar, fırçaları, heykəltəraş Pyotr Sabsayın “S.Bəhlulzadənin portreti” adlı əsəri nümayiş olunur.
Zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” əsərlərinin reproduksiyaları sərgilənir. Zaldakı vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, fırça ustasının müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri, Səttar Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar və digər tarixi əhəmiyyət kəsb edən eksponatlar yer almışdır.
Qonaq otağında Səttar Bəhlulzadənin və anası Hökümə xanımın fotoşəkilləri, “Qızbənövşəyə gedən yol”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda, onun haqqında yazılmış kitablar sərgilənmişdir.
Yataq otağında ev əşyaları ilə yanaşı əsərlərin reproduksiyaları nümayiş etdirilir.
İş otağında isə rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, fotoşəkilləri, başqa məişət əşyaları yer almışdır.
Tədbirdə, həmçinin muğam üçlüyü, 3 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kvarteti çıxış etmişdir.

Keçidlər