Tək siyasi deyil, ordu quruculuğunda da Pakistan bütün potensialı ilə Azərbaycanla əməkdaşlıq edir.
Politoloq Tural Əliyev
Faşist Ermənistan və havadarları 90-cı illərin əvvələrində Azərbaycanda baş verən siyasi və hərbi böhrandan istifadə edərək Qarabağı işğal etdilər. Soydaşlarımız bu amansız müharibə nəticəsində öz torpaqlarından didərgin düşdülər və minlərlə dinc insan həlak oldu.
Azərbaycan ilk gündən bu işğalla barışmadığını bütün dünyaya bəyan etdi. İstər hərb sahəsində, istər diplomatiyada real addımlar atılmağa başladı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb. Qətnamələrdə çox açıq və aydın yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Bəzi beynəlxalq və regional təşkilatların işğal faktını pisləyən bəyanatları var. Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm məsələ öz haqq işini dünyaya çatdırıb, dostlarımızın sayını artırmaqdır. Münaqişənin əvvəlindəki diplomatiyamızın vəziyyəti ilə indiki durumu müqayisə etdikdə fərq çox böyükdür. Bu gün artıq beynəlxaq ictimaiyyət erməni yalanlarına inanmır. Düşmənin illərdi yaratdığı və özünün də onun girovuna çevrildiyi saxta xülya ideyalar iflasa uğrayır və uğramaqdadır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə istər xarici ölkə başçıları ilə, istərsə də beynəlxalq və regional təşkilatlarda keçirdiyi görüşlərdə Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməcəyini bəyan edirdi. ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmadığını, həmsədr dövlətlərin konkret bu münaqişənin həlli ilə bağlı bir planının olmadığını cənab Prezident vurğulayırdı. Ancaq Prezident hər keçirdiyi görüşdə bu səbrin müəyyən yerə qədər olduğunu da paralel olaraq qeyd edirdi. Azərbaycan sülhə sadiqliyini sözlərlə deyil, əməllərlə sübut etdi.
Xoş təsadüfdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul etdi.
Azərbaycan Pakistan münasibətlərinə toxunan Prezident Pakistan dövlətinə və xalqına göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi. Pakistan Ermənistanı Azərbaycana qarşı işğal siyasəti yürütdüyünə görə bir dövlət kimi tanımır. Prezident qətiyyətli şəkildə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Azərbaycanın yeganə şərti bu işğala son qoymaq və diktator Ermənistan rejimini durdurmaqdan ibarətdir. Bizim başqa dövlətlərin ərazisində gözümüz yoxdur. Azərbaycan öz ərazisində antiterror əməliyyatlar aparır. Qondarma Dağlıq Qarabağda 30 ildir hərbi cinayətkar xunta fəaliyyət göstərir. Ancaq bəzi ölkələrin və təşkilatların ikili standart siyasətinin nəticəsi olaraq buna göz yumulur. Pakistan Azərbaycanın bu haqq savaşında yanında olduğunu dəfələrlə sübut edib. Azərbaycan da öz növbəsində Kəşmir münaqişəsində Pakistanı dəstəkləyir. Pakistanla Azərbaycanın dostluğu və qardaşlığı tarixi köklərə bağlıdır. Tək siyasi deyil, ordu quruculuğunda da Pakistan bütün potensialı ilə Azərbaycanla əməkdaşlıq edir. Pakistan dünyanın 10 güclü ordusundan biridir. Bu, bizim apardığımız diplomatiyamızın uğurudur. Dünyada səmimi Türkiyə, Azərbaycan və Pakistan dostluğu və qardaşlığına bənzər ittifaq tapa bilməzsiniz. Səfir sonda Qarabağ Azərbaycandır söyləməkdən qürur hiss keçirdiyini bir daha vurğuladı.