“Dövlətimizin-ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir.”
Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müşaviri, Qaraçuxur bələdiyyəsinin üzvü, Leyla Cahangirova
Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutulması nəticəsində işğal altında olan kəndlərimizdə mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var. Artıq bunun qarşısını almaq üçün Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Təbii ki, bu vəziyyətdə hər bir təşkilatın və vətəndaşın əsas vəzifəsi dövlət ətrafında birləşmək və mərkəzi hakimiyyətin qərarlarına tabe olmaqdır. Düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Ona görə də dövlətimizin-ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir. Bunun üçün isə mərkəzi hakimiyyətin addımları diqqətlə izlənilməli və maksimum dəstək nümayiş etdirilməlidir. Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. 12 iyul hadisələrində olduğu kimi indiki vəziyyətdə də Milli Dirçəliş Hərəkatı Partiyası birgə bəyanata qoşulmuşdur. Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün üzvlərimizi dövlət ətrafında sıx birləşməyə çağırırıq. Eyni zamanda Milli Dirçəliş Hərəkatı Partiyası bəyan edir ki, partiya sədri başda olmaqla, partiyanın bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırdır. Xalqımız əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun güc-qüdrəti, qətiyyəti sayəsində Ermənistan-Azərbaycan müharibəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaqdır. Xalq-ordu-dövlət birliyi fonunda hər bir çətinlik dəf oluna bilər və qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail ola bilərik. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır. Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin ruh yüksəkliyi, vətənpərvərliyi ən yüksək səviyyədədir. Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır və bunun üçün böyük imkanlara malikdir. Azərbaycan xalqı bu gün hər nə qədər çətin günlər keçirsə də, bununla bərabər qürurverici günlərini yaşayır. Buna görə biz əlimizdən gələnin artığını öz xalqımız, millətimiz, vətənimiz üçün etməliyik. Hər anda, hər mənada dövlətimizin yanında olmağı bacarmalıyıq.
Dəfələrlə təkrarlanan təcrübədən isə bilməliyik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin, ölkəmizdəki cəsusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlı olacaqlar. Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şaiələrə uymamağa çağırırıq. KİV-ni isə, xəbər qaydalarına və xəbər mədəniyyətinə riayət etməyə səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa, cəbhədən gələn şaiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər. Bu dövrdə kibertəhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmalıyıq. Ən azından, döyüş şəraitində birinin qəsdən, yaxud bilməməzlikdən ötürdüyü məlumatı dərc etməklə hərbi sirri yaymış ola bilərsiniz. Nəzərə alınmalıdır ki, bu hadisələr fonunda biz erməni mətbuatını necə izləyiriksə, düşmən də bizim mətbuatı elə diqqətdə saxlayır. Bu səbəbdən də media nümayəndələrimizi mətbuata çıxan hər bir xəbərin hansı fəsadlar yarada biləcəyinin məsuliyyətinin fərqinə varmağa çağırırıq. Hamılıqla hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin. Bunlardan əlavə, aktiv müharibə vəziyyətindən “5-ci kolonun” siyasi nümayəndələrinin və ya mənfəətçilərin kiçik siyasi maraqlar naminə yararlanmaqları yolverilməzdir. Xalq olaraq cəbhədəki gərginlikdən siyasi yararlar çıxarmağa çalışanlara qarşı olmalıyıq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq. Bütün sınaqlarında olduğu kimi, bugün də bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Bu gün hər kəs tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq həmrəylik göstərir, Ali Baş Komandanın ətrafında sıx birləşmşdir. Ordumuz çevik, cəsurdur və güclü qətiyyətimiz var.
Bizim indiki vəziyyətdə bir amalımız var- torpaqlarımızı azad etmək! Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik! İllərdir davam edən bu ədalətsiz müharibə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə və bütün işğaldan azad olan torpaqlarımızda dalğalanacaqdır.