“Azərbaycan Ordusu və cəmiyyəti bu gün yalnız qələbəyə köklənib”
Tarix üzrə elmlər doktoru, Dünya Türkologiya Mərkəzinin rəhbəri, AzTV-də Beynəlxalq Departamentin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri Güllü Yoloğlu
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində növbəti genişmiqyaslı təxribatından sonra Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.
Ordumuzun düşmənə qarşı əks-hücuma keçməsi Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi ilə qarşılandı, bir sıra kəndlərimizin, strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi xəbərləri isə şanlı ordumuzun gücünü və döyüş əzmini bir daha nümayiş etdirdi. Hər gün Azərbaycanın yüzlərlə, minlərlə vətənpərvər gəncləri, vətəndaşları, hətta xaricdə yaşayan soydaşlarımız könüllü olaraq döyüşlərə qatılmaq üçün rəsmi qurumlara müraciətlər edirlər.
Azərbaycan cəmiyyətinin mübarizə əzmini duyan, ordumuzdan sarsıdıcı zərbələr alan düşmən isə təşviş içindədir. Başına od ələnən, böyük itkilər verən Ermənistan ordusu geri çəkilmək, işğalçı ölkə rəhbərliyi isə kompromisə getməyə hazır olduğunu bəyan etmək məcburiyyətində qalıb.
Əslində, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində illərlə danışıqlar aparması, səbr etməsi Ermənistana verilən ən böyük güzəşt idi. Ermənistan rəhbərliyi verilən fürsətdən yararlanmaq əvəzinə daim danışıqlara zərbə vurmaqla məşğul oldu. Paşinyan hökuməti isə “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm açıqlamalar, dəstəklədiyi qondarma rejim vasitəsilə Livan ermənilərinin Qarabağda yerləşdirilməsi, qondarma parlamentin Şuşaya köçürülməsi qərarı kimi təhrikedici addımlar, cəbhə və sərhəd bölgələrində, o cümlədən Tovuz və Goranboy rayonları istiqamətində dinc əhaliyə və hərbçilərimizə qarşı təxibatlarla Azərbaycanın bütün sülh təşəbbüslərini və təkliflərini rədd etdi, danışıqları iflasa uğratdı. Bugünkü döyüşlər, alovlanan münaqişə Ermənistan rəhbərliyinin təcavüzkar siyasətini genişləndirməsinin, beynəlxalq ictimaiyyətin isə işğalçıya lazımi təzyiq göstərməməsinin məntiqi nəticəsidir.
Azərbaycan isə bu gün öz ərazi bütövlüyünün bərpası və mülki əhalisinin qorunması istiqamətində haqq mübarizəsi aparmaqdadır. Bu mübarizədə Azərbaycan xalqı, dövləti və ordusu tam vəhdət halında fəaliyyət göstərir. Sentyabrın 27-də ölkədəki 50 siyasi partiyanın Azərbaycan Ordusunu, Ali Baş Komandan Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyən bəyanat yayması cəmiyyətimizdə tam həmrəyliyin, möhkəm siyasi birliyin olduğunu təsdiq edir.
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daxildə olduğu kimi, xarici siyasətdə də birliyin, həmrəyliyin önəmi böyükdür. Bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurası, İslam əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AŞ PA da daxil olmaqla bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul ediblər. Azərbaycan Prezidenti İlham Əliyev xarici həmkarları ilə görüşlərində, eləcə də yüksək tribunalardan etdiyi çıxışlarda daim status-kvonun qəbuledilməzliyini, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan hüquqlarının bərpasının zəruriliyini bəyan edib, Ermənistanın irqçi dövlət siyasətini, işğal etdiyi ərazilərdə maddi-mədəni və dini abidələrə qarşı törətdiyi vandalizmi ifşa edib.
Bu gün qardaş Türkiyə başda olmaqla bir sıra dövlətlər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsinə açıq dəstək ifadə edirlər. Azərbaycan özünün beynəlxalq siyasi, iqtisadi münasibətlərdə, humanitar və təhlükəsizlik məsələlərində fəal iştirakı və xüsusi rolu ilə hörmət, nüfuz, etibarlı tərəfdaş imici qazanmış dövlətdir.
Ermənistan isə təcavüzkar, ikiüzlü siyasəti ilə bəzi dairələrin əlində alət, forpost olmaqdan başqa bir “uğur” qazana bilməyib. Nə siyasi, nə iqtisadi, nə də hərbi göstəricilərinə görə Ermənistan Azərbaycanla müqayisə olunacaq səviyyədə deyil. Ona görə də bu gün cəbhədə açıq döyüşlər şəraitində Ermənistanın məğlubiyyəti qaçılmazdır. Hətta Yaxın Şərqdən cəlb etdiyi çoxsaylı muzdlu döyüşçülər də vəziyyəti Ermənistanın xeyrinə dəyişmək üçün kifayət etmir.
Azərbaycan Ordusu və cəmiyyəti bu gün yalnız qələbəyə köklənib və səfərbər olub. İnanırıq ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü və cəmiyyətimizin iradəsi ilə tezliklə işğalçı Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmağa, şanlı Azərbaycan bayrağını Xankəndidə, Şuşada dalğalandırmağa nail olacağıq!