Böyük qələbəyə inanırıq!
316 saylı tam orta məktəbin direktoru Gülnarə Ələkbərova
Nəhayət ki, uzun illər sonra bütün cəmiyyətimizdə Qarabağın işğaldan azad ediləcəyinə böyük inam yaranmışdır. Əlbəttə ki, bu qısa müddətli bir işin nəticəsi deyil. Bu ölkə rəhbərliyinin uzun illər ərzində apardığı siyasətin nəticəsidir. Ordumuzun gücünün çox az bir hissəsi hələ 2016-cı il 4 günlük aprel döyüşlərində nümayiş olunmuşdu. Daha sonra, 2018-ci il Günnüt ərazisinin azad edilməsi, 2020-ci il 12 iyul Tovuz döyüşləri də Ali Baş Komandanın qeyd etdiyi kimi, ermənilərə dərs olmadı.
Bir neçə gün öncə, ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, əldə edilmiş dəqiq kəşfiyyat məlumatlarına görə, Ermənistan hücuma hazırlaşır. Və budur ki, 27 sentyabr səhər saat 06.00 radələrində düşmən qüvvələri hücuma keçdilər. Buna qarşılıq olaraq, Şanlı Ordumuz əks-hücum həmləsinə başladı. Artıq bir neçə saat ərzində Füzuli və Cəbrayılın 7 kəndi azad edildi.
Goranboy istiqamətində strateji Murov zirvəsini azad etdi. Eyni zamanda Ağdərə istiqamətində Talış yüksəkliklərini azad etdi. Xeyli sayda düşmən texnikası və silah anbarları məhv edildi.
Döyüşlər zamanı, ermənilər ənənəvi xislətlərindən əl çəkmir. Beynəlxalq qanunlara, Cenevrə Konvensiyasına görə, müharibə zamanı dinc sakinlərə, xüsusilə də uşaqlara, qadınlara və qocalara atəş açmaq olmaz. Amma faşist xislətli ermənilər ordumuzla bacara bilmədiyini görüb, dinc sakinləri, Ağdam, Tərtər, Naftalan, Füzuli, Cəbrayıl rayonlarının kəndlərini ağır silahlardan atəşə tuturlar. Elə Naftalanda ermənilərin açdığı ağır artilleriya atəşi nəticəsində bir ailənin 5 üzvü qətlə yetirilmişdir. Cəbhəboyu kəndlərdə, mülki əhaliyə, evlərə, təsərrüfatlara, iş yerlərinə çox ciddi ziyan dəymişdir.
Amma gedən döyüşlərdə Azərbaycan ordusunun bir məqsədi var: torpaqlarımızı azad etmək. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də təqdim etdiyi görüntülərdən aydın görünür ki, ordumuzun əsas hücum hədəfi erməni əsgəri və texnikasıdır. Tarixi xarakterimiz və ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnikalar imkan verir ki, ordumuz yalnız hərbi təyinatlı obyektlərə zərbə vursun.
Səhər saatlarında düşmən yenidən, Tərtər istiqamətində dinc mülki əhalini, evləri və onların təsərrüfatlarını atəşə tutmağa başlamışdır. Amma insanlarımız yaşayış yerini tərk etmir, əksinə döyüşlərə qatılmaq istəyirlər. İnsanlarda böyük ruh yüksəkliyi vardır.
Ermənilərin dinc sakinləri atəşə tutması ilə bağlı olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana son dəfə xəbərdarlıq etdi və bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirdi. Əlbəttə 6 dinc sakinin öldürülməsi və onlarla insanın yaralanması müharibə qanunlarının pozulmasıdır.
Əziz həmvətənlər! Dünyada ikili vətəndaşlar var və bunu hamıdan çox biz hiss etmişik. Amma, Ali Baş Komandanın ətrafında sıx birləşdikdən sonra, bacarmayacağımız bir iş olmayacağını yaxşı bilirik. Dövlətimiz və ordumuz güclüdür. Böyük qələbəyə inanırıq! Allah Ordumuzu və Dövlətimizi qorusun!