Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

23 sentyabr 2020 | 16:00

Suraxanı rayonu, Hövsan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Sentyabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Üç həyəti birləşdirən məhəllə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 3A, 4, 4A, 5, 5A, 5B, 5V ünvanında yerləşir və 3 min nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların genişləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov KİV nümayəndələrinə müsahibəsində bildirib: “IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması məsələsinə daim önəm verən təşkilatın təsisçi və rəhbəri Leyla Əliyevanın xüsusi diqqət yetirdiyi bir layihədir. Pandemiyanın davam etdiyi bir dövrdə insanların açıq havada, daha yaxşı məkanlarda vaxt keçirməsi məsələsi daha da böyük əhəmiyyət kəsb edir. Odur ki, karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırıldıqdan dərhal sonra təmir-bərpa işləri davam etdirilib. Hazırda Bakı şəhərinin müxtəlif yerlərində rekonstruksiya işləri davam etdirilir və fəal işlər aparılır”.

Abadlaşdırılan növbəti həyətlərdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətlərin ərazisində 18 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdəki binaların liftləri yenilənib, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ağac əkilib və 6415 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Yenilənmiş həyətlərdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispenserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

 

Keçidlər