Suraxanı rayonunda məzunlarla görüş keçirilib.
Suraxanı rayonunda məzunlarla görüş keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmaq imkanı əldə etmiş rayon məktəblərinin məzunları ilə karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirilmişdir.
Görüşdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı, rayondan Milli Məclisə seçilmiş deputatlar, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən 25 rayon məzunu əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin ucalan abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Suraxanı Rayon Heydər Əliyev Parkında keçirilən görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Ulu Öndərin əsasını qoyduğu təhsil islahatları “Təhsil bizim gələcəyimizdir, gec-tez təbii sərvətlər tükənəcək, bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir” deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon rəhbəri vurğulamışdır ki, koronavirus pandemiyasına baxmayaraq, yeni dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın bir neçə təhsil ocağının əsaslı təmirdən sonra, eləcə də Əmircan qəsəbəsində yerləşən Albert Aqarunov adına 154 nömrəli məktəbin yeni binasında yaradılan şəraitlə tanış olması, tövsiyələrini verməsi, dövlət başçısının təhsilə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Əziz Əzizov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişlər. 2019-2020-ci tədris ilində 1905 nəfər məzun olmuşdur. Onlardan 70 nəfəri 600-dən yuxarı, o cümlədən 25 nəfəri 650-dən yuxarı bal toplamışdır. 52 məzun məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Abil Səfərov adına 114 №-li tam orta məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 691,2 bal toplayaraq rayon üzrə 1-ci yer, Respublika üzrə isə II mərhələdə maksimum 400 bal toplayan 5 nəfər məzundan biri olmuşdur.
Görüşdə Milli Məclisin deputatı Afət Həsənova, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov çıxış edərək məzunları təbrik etdilər. Rayon üzrə ən yüksək nəticə əldə edərək, tələbə adını qazanmış 114 nömrəli tam orta məktəbin məzunu Həsənbala Əliyev, 89 nömrəli tam orta məktəbin məzunu Dadaşeva Aysel Etibar qızı və 290 nömrəli tam orta məktəbin məzunu Vahabov Akşın gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda məzunlara Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının qiymətli hədiyyələri təqdim edilmiş, karantin rejiminin qaydalarına uyğun olaraq, sosial məsafəyə riayət etməklə xatirə şəkilləri çəkilmişdir.