Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 91 illiyi münasibəti ilə konfrans keçirilmişdir

10 may 2014 | 15:00

09 may 2014-cü  il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda konfrans keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Akademiyanın professor-müəllim heyəti, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Bu illər ərzində Mərkəz rayonun ideoloji mərkəzinə çevrilmişdir.
Ötən 5 ildə Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 130-dan yuxarı tədbir keçirilmişdir. Çox sevindirici haldır ki, onlardan 4-ü Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunmuşdur.
Mərkəzin 3-cü mərtəbəsində Elektron lektoriya zalında Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş filmə baxışdan sonra konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev isə artıq öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirmişdir. Ümummilli Liderimiz Heydər ƏLiyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev Vətənini, millətini, dövlətini bütün varlığı ilə sevən insan idi. Vətəninin çiçəklənməsi, millətin yüksəlməsi, dövlətin inkişafı üçün nə mümkünsə etdi və Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi.
Natiq xüsusi vurğulamışdır ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir. Ötən 11 ilə yaxın dövrün siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də Ulu Öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Ümummilli Liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində bu gün mühüm rol oynayır.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd etdi ki, Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib.
Konfransda “Varisliyə, qabaqcıl təcrübəyə və modernləşməyə əsaslanan regional inkişaf siyasəti” mövzusunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Regional iqtisadi və sosial araşdırmalar institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, iqtisad elmləri doktoru Əli Nuriyev, “Müstəqillik dövründə Heydər Əliyevin dövlət idarəçiliyi sistemində institusional islahatlar konsepsiyasının əsas istiqamətləri” mövzusunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış etdilər.
Konfransımızın işini yekunlaşdıraran İlqar Abbasov  xüsusi vurğuladı ki, bu gün müstəqil Azərbaycan  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inamla inkişaf edir, yüksək zirvələr fəth edir. Qarşıdakı illərin hədəfləri hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır.
Tədbirin sonunda Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə  Mərkəzin  işinin təşkilində fəal iştirak edənlər, Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda  açıq dərslərin keçirilməsində fərqlənənlər, 07 may 2014-ci il tarixdə keçirilən Gül bayramının təşkilində fərqlənənlər, Ulu Öndər Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda rayonun tam orta məktəb şagirdlərinin arasında keçirilmiş şeir və inşa yazı müsabiqəsinin qalibləri Suraxanı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyələri ilə təltif edildilər. Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon sakininə üzvlük vəsiqəsi təqdim olundu.

Keçidlər