Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrlər keçəcək Türk- Azərbaycan birliyini kimsələr sarsıda bilməyəcəkdir!”

07 sentyabr 2020 | 16:00

Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin hərbi rəhbəri Elman Məlikov

1992-ci ildə müstəqil Azərbaycan dövləti, qədim Azərbaycan ərazisi olan Qarabağ torpaqlarının böyük bir hissəsinin Ermənistan tərəfindən  işğal edilməsi faktı ilə üz-üzə qalmağa məcbur edilmişdir. 30 ildir ki, dünya dövlətlərinin qınağına, BMT-nin Azərbaycan torpaqlarının dərhal azad edilməsi ilə əlaqədar məlum qətnamələrinə baxmayaraq, işğalçı Ermənistan dövləti tərəfindən tutulmuş torpaqlarımız geri qaytarılmamış və 1 milyon insan evlərindən qovularaq didərgin düşmüşdür. Bu hal hələ də davam etməkdədir. Üzümzə gülüb, arxamızca “iş çevirənlər”in yalançı  vədlərindən usanmış və dünya ədalətinə inamımız qalmamışdır. Belə bir zamanda, gec də olsa, həqiqi dostların yanımızda olması zərurəti daha qabarıq şəkildə hiss edilməkdədir. Bu dostlardan biri qanı qanımızdan, canı canımızdan olan böyük Türk xalqıdır! Əslində Türkiyə və Azərbaycan xalqları hər zaman bir birlərinə yaxın olmuş, bu gün də istər xoş, istərsə də dar gündə bir-birinə dəstəkdirlər. Hələ  Osmanlı dövlətinin son illərində ermənilərin Şərqi Anadoluda törətdiyi soyqırımlar zamanı çətin vəziyyətdə qalan türk xalqının imdadına Azərbaycan oğulları yetişdiyi kimi, XX-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı etdikləri zülmlərin qarşısını almaq üçün türk könüllüləri Qafqaz İslam Ordusu tərkibində Azərbaycan əsgərləri ilə çiyin-çiyinə vuruşmuşlar. Bu gün Azərbaycanın bir çox yerində  ay-ulduzlu Türk bayrağının dalğalandığı şəhid məzarlıqlarının olması bunun ən bariz nümunəsidir. Bu gün də Azərbaycan və Türkiyə dövlətləri arasında geniş iqtisadi və siyasi əlaqələrin olması heç kim üçün sirr deyildir. Həmçinin Tükiyə və Azərbaycan dövlət rəsmilərinin bu iki qardaş ölkə arasındakı münasibətlərinin yeni hərbi əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi cəhdləri də təqdirəlayiqdir, alqışlanmalıdır.
Əlbəttə, mənim üçün, ümumtəhsil müəsissəsində bir hərbi rəhbər kimi Türkiyə və Azərbaycan dövlətləri arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsini şagirdlərimə açıqlamaq, bu münasibətləri sözlə də olsa  dəstəkləmək gözəl bir hissdir. Bir Azərbaycan vətəndaşı, bir hərbi rəhbər  olaraq bu mənim borcumdur! Lakin, kifayət deyildir. Azərbaycanın mənafeyini güdən hər bir vətandaş kimi bu məsələdə vəzifəmiz kənarda qalmamaq, bütün mümkün vasitələrdən istifadə edərək, bu əməkdaşlığın, dostluğun daha da möhkəmləndirilməsinə çalışmaqdan ibarətdir. Bəs bunu necə etməli? İlk növbədə, aramızda ola biləcək neqativ meyilli  insanlara onu başa salmaq lazımdır ki, bu əməkdaşlıq dövlətçiliyimiz üçün çox vacibdir və heç də müstəqilliyimizə xələl gətirmir. Əksinə, torpaqlarımızın azad olunmasına, sərhədlərimizin qorunmasına xidmət edəcəkdir. Mən, bir hərbi rəhbər olaraq, hər zaman dərs dediyim şagirdlərə bunu aşılamağa çalışmış və bundan sonra da Türk əsgərinin və Azərbaycan əsgərinin bir-birindən çox şey öyrənəcəyinə, birlikdə ölkələrimiz üçün böyük qələbələr əldə edəcəklərinə inandırmağa səy göstərməyi özümə vəzifə biləcəyəm.
Biz bir millət iki dövlətik! Qanımız, canımız, amalımız birdir! Əsrlər keçəcək bizim birliyimizi kimsələr sarsıda bilməyəcəkdir!

Keçidlər