Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan-Türkiyə münasibətləri möhkəmlənərək regional tərəqqiyə mühim töhfələr verir”

06 sentyabr 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəalı Əkrəm Mahmudzadə

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra daha ciddi şəkildə möhkəmlənməyə, güclənməyə başlayıb və Türkiyə bu məsələdə hər zaman Azərbaycana dəstək olub. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın qüdrətlənməsi və bir dövlət olaraq möhkəmlənməsi Türkiyənin güclənməsi deməkdir. Bununla da bildirmək istəyirəm ki, Azərbaycan-Türkiyə münasibətləri heç vaxt arxa planda ola bilməz. İki ölkə arasındakı bu münasibətlər dostluq, qardaşlıq, strateji müttəfiqliyə əsaslanır və bu birlik bölgədə sülhün, təhlükəsizliyin başlıca faktorlarından biridir.

Azərbaycan və Türkiyə xalqları arasında  tarixi və mənəvi dəyərlərə söykənən, möhkəm dostluq-qardaşlıq əlaqələrinin tarixi neçə əsrlərdən bəri başlamışdır, bu gün də ən yüksək səviyyədə davam edir. Təbii ki, bu əlaqələrin qorunmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi rolu var. Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı üçün əsaslı zəmin yaratmışdır.
Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən, hərbi sahəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu olduqca böyükdür. Qarşılıqlı formada hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və birgə təlimlər həyata keçirilir.
Hazırda bütün dünya ölkələrini bürümüş pandemiya (COVİD-19) şəraitində hərbi qarşıdurmaların dayanmasının gözlənildiyi bir zamanda mənfur qonşumuz Ermənistan öz çirkin əməllərindən əl çəkə bilmir. Mütamadi olaraq cəbhəboyu sərhəd ərazilərində törədilən təxribatlarla yanaşı, mülki şəxslərin də atəşə tutulması necə bir düşmənlə qarşı-qarşıya olduğumuzu göstərir. Belə bir şəraitdə, ermənilərin törətdiyi iyul təxribatından dərhal sonra müəyyən ölkələrin onlara silah satışı həyata keçirməsi, düzgün mövqe sərgiləməməsi Azərbaycan tərəfinin ciddi narahatçılğına səbəb oldu.
Ermənilərin Azərbaycan dövlət sərhəd xəttinin Tovuz rayonundan keçən hissəsində təxribatından dərhal sonra Azərbaycan-Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əsasında hərbi təlimlərin başlaması, qardaş ölkənin siyasi-hərbi rəhbərlərindən ibarət nümayəndə heyətinin ölkəmizə gələrək, verdiyi açıqlamalar qardaş Türkiyənin Azərbaycana dəstəyini, Qarabağ münaqişəsinin həlli yolunda istənilən addımı atmağa hazır olduğunu bildirir və bu əməkdaşlıq erməniləri, onların havadarlarını qorxuya salır, ciddi narahatçılığına səbəb olur.
Bir neçə gün əvvəl cənab Prezident İlham Әliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Şәrqi Aralıq dәnizindәki kәşfiyyat fәaliyyәtlәri daxil olmaqla hәr mәsәlәdә Türkiyәni dәstәklәdiyimizi söylәməsi, Türkiyənin bizim üçün təkcə dost və tərəfdaş olaraq yox, eyni zamanda qardaş ölkə olduğunu vurğulaması Azərbaycanın hər zaman Türkiyə milli maraqlarının keşiyində yer alacağını bütün dünyaya göstərdi. Heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən mövqeyini qəti şəkildə ortaya qoymasını Türkiyəyə ən böyük dəstək olaraq ifadə edə bilərik.
Bir gənc olaraq düşünərəm ki, dünya bir daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə dağdır!

Keçidlər