Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı zamanın ən yüksək zirvəsindədir”

06 sentyabr 2020 | 16:00

Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Ayşat Mahmud qızı

Bir millət, iki dövlət-Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün milli konsepsiyadır. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər arasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Biz tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun müharibələr və münaqişələr nəticəsində Bakını xilas etməsi  Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: ”Türk Ordusunun Azərbaycana gəlməsi, vətənimizi daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Onu da qeyd etmək lazımdır ki, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Təbii ki, türk tarixinin şərəf nöqtəsi Çanaqqala zəfərinə toxunmasaq olmaz. Çanaqqala döyüşü türk əsgərinin qürur mənbəyidir və bu qələbədə Azərbaycanın da payı var. Azərbaycan könüllüsü öz məğlubedilməzliyini, qorxmazlığını ortaya qoyaraq türk qardaşlarımızla birgə qələbə çalmışlar. Bu o tarixi qələbədir ki, Azərbaycanda gedən ictimai-siyasi proseslərə də çox mühüm təsir göstərib. Bütün bu tarixi qaynaqlara istinadən söyləyə bilərik ki, Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana  rəsmi səfəri zamanı bunun bir daha şahidi olduq: ”Azərbaycanın kədəri kədərimiz, sevinci  sevincimizdir”.
Möhtərəm Prezidentimiz İlham Əliyev də iki qardaş ölkənin sarsılmaz birliyinin Türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini vurğulamışdır. Hər bir sahədə uğurlu əməkdaşlıq olduğu kimi hərbi əməkdaşlıq əlaqələrini də qürurla qeyd etmək lazımdır. Hər il bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir, qarşılıqlı hərbi inkişaf strategiyası davam etdirilir. Qafqaz bölgəsində vəziyyətin stabil olmadığı, qonşu Ermənistanla savaşda olduğumuz məqamda bizim bir nömrəli hərbi müttəfiqimiz Türkiyədir. Cəbhədə baş verən son proseslər də bir daha onu göstərdi ki, hər iki ölkənin dili, dini bir olduğu kimi düşməni də birdir. Sadə vətəndaşından tutmuş yüksək rütbəli dövlət məmuruna qədər hamı Azərbaycanın yanında olduğunu, onunla çiyin-çiyinə cəbhədə vuruşmağa hazır olduğunu bəyan etdilər. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxışında belə bir nüansa toxundu: ”Ermənistanın hücumu qəbuledilməzdir, biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq“ deyərək dəstəyini əsirgəməmişdir.
Hərbi əməkdaşlığın inkişafı Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında “hərbi maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi haqqında Qanun layihəsi qəbul edilib. Sazişin məqsədi Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə vəsaitinə əsaslanır.
Ölkə başçılarının birbaşa dəstəyi ilə ölkələrimizin hərbi qurumları arasında hər il imzalanan ikitərəfli fəaliyyət planına əsasən Quru qoşunları, Hərbi Hava qüvvələri və digər qoşun növlərinin birgə keçirdiyi döyüş atışlı hərbi təlimlər, yüksək səviyyəli hərbi nümayəndələrin qarşılıqlı səfərləri, hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsi mərhələli şəkildə həyata keçirilir. Bu baxımdan Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqlarının aparılması isə hərbi-strateji imkanların uzlaşdırılması məqsədilə icra edilir. Bu gün ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi isə məhz işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsinə, eləcə də regionda sabitliyin, əmin-amanlığın təmin olunmasına yönəlib. Bu baxımdan cənab Prezidentimiz ölkəmizin rifahı, əmin-amanlığı üçün bütün beynəlxalq konfranslarda, diplomatik görüşlərdə öz mövqeyini açıq-aşkar bildirir. Bütün bu çıxışlar iqtisadi, həm də hərbi sahədə irəliləyişlərimiz üçün önəmlidir. Elə bir neçə gün əvvəl ölkəmizdə yeni təyin olunmuş Yunanıstanın fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosun qəbulu zamanı da bildirdiyi fikirlər onun əsl diplomat, savadlı siyasətçi mövqeyini göstərdi.
İlham Əliyev: “Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu yaxşı bilirəm...”
Cənab prezident, biz sizin uğurlu siyasətinizə, diplomatik fikirlərinizə inanırıq. Bir millət olaraq, türk olaraq əminik ki, bu mövqeyimizlə torpaqlarıımız tezliklə işğaldan azad olacaq. Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı hər zaman davam edəcək.
Ümid edirik ki, bu gün uzaqda deyil.

Keçidlər