Suraxanı royunu, Əmircan qəsəbəsində növbəti parkda yenidənqurma işləri aparılır
Suraxanı royunu, Əmircan qəsəbəsində növbəti parkda yenidənqurma işləri aparılır
Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların yeni və müasir görkəm almasına səbəb olur. Şəhər və qəsəbələrdə aparılan quruculuq işləri çərçivəsində parkların salınması və yenidən qurulması da diqqətdən kənarda qalmır.
Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonunda da genişmiqyaslı işlər aparılır. Rayonun mərkəzi sayılan Əmircan qəsəbəsində Elxan Həsənov küçəsində yerləşən və uzun müddət baxımsız qalan parkda davam etdirilən əsaslı yenidənqurma işləri sakinlərin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək. Sözügedən parkın ərazisi təmizlənərək piyada və yaşıllıq zolaqları salınmış, ağaclar əkilmiş və suvarılma sistemi quraşdırılmışdır. Hazırda abadlaşdırılan parkda həmçinin işıqlandırma dirəklərinin, söhbətgah və oturacaqların qurulması nəzərdə tutulmuşdur. Bu istirahət məkanının yenidən qurulması qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır.
Bundan əlavə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin mövcud memarlıq vəziyyətinin qorunub saxlanılması şərti ilə genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulmuşdur.