Qələbənin 69-cu ildönümü Suraxanıda geniş qeyd olundu
II Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü Suraxanı rayonunda geniş qeyd olunmuşdur. Ənənəvi 9 May Qələbə Günü rayonun bütün qəsəbələrində (Əmircan, Bülbülə, Yeni Suraxanı, Zığ, Qaraçuxur, Hövsan) rayon rəhbərliyinin, qəsəbə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər qoyulmuşdur.
Qaraçuxur qəsəbəsində keçirilən tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Rayonun başçısı qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. II Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının da şərəfli payı vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdı. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Azərbaycan xalqı bu gün faşizmə qarşı müharibədəki iştirakı ilə fəxr edir. Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 69 illiyi ərəfəsində ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov eyni zamanda qeyd etmişdir ki, Suraxanı rayonunda həyata keçirilən yerli proqramlardan biri də rayonun bütün qəsəbələrində müxtəlif ünvanlarda müharibə və əmək veteranlarının istirahətlərinin səmərəli təşkil olunması üçün veteranlar güşələrinin yaradılmasıdır. Ötən dövrdə 13 ünvanda 27 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Çıxış edən veteranlar döyüş xatirələrini söyləmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Daha sonra “Turan” şadlıq sarayında rayonun müharibə veteranları üçün süfrə açılmışdır.