Şriftin ölçüsü :

Saytın rəngi :

“Ermənistanın silahlandırılması yolverilməzdir!”

14 avqust 2020 | 16:00

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva:

Məlumdur ki, tarixi qədim olan Azərbaycanımızın 20 faiz torpaqları mənfur ermənilər tərəfindən işğala məruz qalmışdır. Ən əsası 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən işğal olunmuş, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün doğma yurdundan çıxarılmış, Azərbaycanın ərazi bütövlüyünə böyük qəsd olunmuşdur.
Biz haqq səsimizi bütün dünyaya yayaraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əsasən ermənilərin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirik. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddində hərbi təxribatı ilə bağlı kommünike qəbul edilmişdir. Kommünikedə Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməsini qətiyyətlə pisləyib. Ancaq mənfur ermənilər isə həmin qətnamələrə, sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir və Azərbaycan Ordusuna qarşı təxribatlar törətməkdə davam edirlər. 
Düşmənlərimiz dərk etməlidir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olaraq, dünyanın 50 ən güclü ordusu sırasında layiqli yerini tutmuşdur. Azərbaycan Ordusunun güclü hərbi texnikası, kadr-mütəxəssis ehtiyatı müasir tələblərə və NATO standartlarına uyğun formalaşmışdır. Qürurvericidir ki, düşmənin bu günə qədər ordumuza qarşı apardığı məkrli siyasətə cavab verən, vətən torpaqlarını şərəflə qoruyan qəhrəman oğulları vardır.
Bu yaxınlarda ermənilər tərəfindən Tovuzun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri, böyük yüksəkliklər iriçaplı silahlar və minaatanlardan atəşə tutuldu. Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərinin üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi. Ermənistan silahlı qüvvələri bölmələrinə Azərbaycanın Tovuz rayonuna hücuma keçmək əmri verilir. Bizim Tovuz və Qazax rayonları istiqamətindəki ərazilərimizdən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Bakı – Tbilisi – Ərzurum qaz boru kəməri, Böyük ipək yolu, Bakı - Tbilisi - Kars dəmiryolu keçdiyi üçün strateji yüksəkliklərimiz təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə təhlükə altına düşə bilərdi. Milli Ordumuz Azərbaycan mövqelərinə qarşı Tovuz rayonu istiqamətində iyulun 12-dən-16-na qədər davam edən döyüşlərdə düşmənin təxribatının qarşısının qətiyyətlə alındı. Qalibiyyətli Aprel döyüşlərindən sonra növbəti dəfə düşmənə aman verməyən qəhrəman Azərbaycan ordusu düşmənin hərbi obyektlərini və texnikasını məhv etdi. Bu döyüşlərdə el qeyrəti çəkən 12 oğul - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, zabitlərimiz, əsgərlərimiz  şəhid oldu. Bu qəhrəman oğullar torpaqlarımızın bir qarışını düşmənə təslim etməyərək, elə bu amal uğrunda son ana qədər döyüşdülər. İyul ayının 12-14-də Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq dünyanın 26 ölkəsində soydaşlarımız tərəfindən nümayişlər keçirildi. Bu nümayişlərdə Ermənistanın işğalçı siyasətinə və azərbaycanlılara qarşı ermənilərin törətdiyi təxribatlara etirazlar bildirildi. Dünya azərbaycanlıları Ermənistanın təcavüzkar siyasətinə etiraz edərək, beynəlxalq qurumlardan da işğalçı Ermənistana qarşı cəza tələb etdi.
İndi sual olunur ki, hazırda bütün dünyada ölkələr COVİD-19 pandemiyasına qarşı birlikdə mübarizə apardığı zamanda, Ermənistanı müharibəyə təhrik edən və silahlandıran hansı qüvvələrdir? Hazırda iyulun 12-dən 16-nadək Tovuz rayonu istiqamətində baş verən təxribat zamanı və iyulun 17-dən qonşu Rusiyadan Ermənistana böyük həcmdə hərbi yüklərin Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək daşındığı faktı ortaya çıxıb. Həmçinin, məlum olub ki, Ermənistan Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutarkən Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etmişdir. Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmiş, o, Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı vermişdir. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmişdir. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdir.
İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Ölkə başçısı Ermənistanın təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu, sərhəd boyunca kəndlərin və yaşayış məntəqələrinin artilleriya atəşi nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu da diqqətə çatdırmışdır.
Azərbaycan xalqı ən çətin günlədə qardaş Türkiyənin hər an dəstəyini görmüşdür. Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirilməsi də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi də yüksək qiymətləndirmişdir.
Bəli, indi Ermənistana arxa olan bir çox dünya dövlətləri unutmamalıdır ki, təcavüzkar və işğalçı bir dövləti silahlandırılmaq yolverilməzdir! Çünki bu silahlar doğma torpağını qoruyan Azərbaycan əsgərinə və dinc insanlara atılır. Həmin dövlətlər tarixi vərəqləyərəq həm də bilməlidirlər ki,  ermənilər Azərbaycanın tarixi torpaqları hesabına  dövlət qurublar.
Bizim işimiz haqq işidir. Tezliklə, inanırıq ki, bütün torpaqlarımız erməni işğalından azad olacaq!

Keçidlər