Şriftin ölçüsü :

Saytın rəngi :

“Ermənistanın silahlanması regional təhlükəsizliyə ciddi təhdiddir”

14 avqust 2020 | 16:00

Suraxanı rayon sakini, Tarix üzrə elmlər doktoru, Dünya Türkologiya Mərkəzinin rəhbəri, AzTV-də Beynəlxalq Departamentin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri Güllü Yoloğlu

Məlum olduğu kimi, iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə - Tovuz rayonu istiqamətində hərbi təxribat törədərək azərbaycanlı mülki vətəndaşın və bir neçə hərbçinin ölümünə səbəb olan hərbi cinayətlər törətməsi Azərbaycanın diplomatik səyləri ilə beynəlxalq ictimaiyyətdə geniş əks-səda və narahatlıq doğurdu.
Ermənistanın mütəmadi xarakter alan hərbi təxribatları fonunda isə bu təcavüzkar ölkənin silahlanması, müxtəlif dövlətlərin ərazisindən Ermənistana silah-sursatın, hərbi texnikanın daşınması regional təhlükəsizliyə və sabitliyə real təhlükə mənbəyinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi bu məsələni diqqətdə saxlayaraq Ermənistana silah satan və bu ölkəyə göndərilən hərbi texnikanın ərazisindən daşınmasına icazə verən dövlətlərə öz etirazını müvafiq formada bildirməkdədir. Məlum olduğu kimi, Azərbaycan artıq Serbiya qarşısında bu barədə öz narahatlığını və mövqeyini rəsmi formada ortaya qoyub.
Bu çərçivədə atılan növbəti addım isə avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etməsi oldu. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Dövlət başçısı, həmçinin, Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib, eləcə də iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Belə ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana bugünədək 400 tondan artıq hərbi təyinatlı yüklər daşınıb.
Məlumatlara görə, iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhəddindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Daşınan silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı normativ-hüquqi əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Azərbaycan ərazilərinin 20 %-ni işğal altında saxlayan, əksər qonşularına qarşı açıq və gizli formada ərazi iddiaları olan Ermənistanın silahlandırılması region üçün yaxşı heç nə vəd etmir. Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Ermənistanın silahlanmasının Avropada narahatlıq doğurması üçün kifayət qədər ciddi əsaslar var. Belə ki, Ermənistanın budəfəki hərbi təxribatları münaqişə zonasından uzaqda - Tovuz rayonu istiqamətində, Avropa üçün böyük əhəmiyyəti olan neft və qaz kəmərlərinin keçdiyi ərazinin yaxınlığında törətməsi Ermənistanın aqressiyasının hansı miqyasda mənfi nəticələr doğura biləcəyini təsəvvür etməyə imkan verir.
Rusiyanın cənub sərhədləri yaxınlığında münaqişənin alovlanması, sabitliyin pozulması təhlükəsi rəsmi Moskvanın da maraqlarına uyğun deyil. Azərbaycanla ikitərəfli sahədə sıx əməkdaşlığı olan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək vəzifəsini üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Rusiyanın bu məsələyə xüsusi diqqət və məsuliyyətlə yanaşması daha doğru olardı.
Ona görə də Azərbaycan rəhbərliyi və xalqı haqlı olaraq bütün dünyadan, beynəlxalq ictimaiyyətdən bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməsini və qəti addımlar atmasını gözləyir. Təcavüzkar ölkələrə silah satışının məhdudlaşdırılması, hərbi sanksiyaların tətbiq olunmasına dair dünya təcrübəsində kifayət qədər nümunələr mövcuddur. Ermənistan özünün işğalçı, terrorçu, aqressor “parametrləri” ilə ən sərt hərbi sanksiyalara layiq olduğunu çoxdan sübuta yetirib. Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi bu məsələdə də dövlətin, xalqın mənafelərini öz siyasi iradəsi, qətiyyətli addımları ilə müdafiə edən Prezident İlham Əliyevin yanındadır.

Keçidlər