Şriftin ölçüsü :

Saytın rəngi :

“Düzgün qurulan strategiya qələbənin təminatı deməkdir”.

09 avqust 2020 | 16:00

Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Daimi Komissiyasının sədri, Eldar Mirzəliyev 

Artıq bir neçə aydır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu virus qarşısında ən güclü səhiyyəyə malik olan ölkələr belə ağır itkilər verdi. İlk günlərdən doğru qərarların verilməməsi bir çox Avropa ölkələrini çətin vəziyyətə saldı. Xəstə saylarının artması, itkilərin çoxalması vətəndaşlar arasında təşviş yaratdı.
Etiraf etmək lazımdır ki, pandemiyanın ilk günlərindən atılan doğru addımlar, uğurlu qərarlar Azərbaycanın bu imtahandan daha az zərərlə çıxmasına səbəb oldu. Hər bir mübarizədə qurulan düzgün strategiya qələbənin təminatı deməkdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti tapşırıqları və tövsiyələri əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesi dayandırıldı, təhsil sahəsində olduğu kimi bir çox dövlət və özəl sektorda fəaliyyət forması dəyişdirilərək uzaqdan idarəetməyə keçirildi, insanların kütləvi toplaşdığı yerlərdə virusun yayılmasının qarşısı alındı, ölkədə genişmiqyaslı dezinfeksiya tədbirləri təşkil edildi, ölkəmizin sərhədləri bağlanıldı, beynəlxalq uçuş və digər hərəkət növləri üzrə gediş – gəliş qadağan olundu. Hətta müəyyən günlərdə beynəlxalq təcrübə əsasında daha sərt addımlar atılaraq kütləvi qapanmaya gedildi. Atılan bütün bu addımlar ölkə vətəndaşlarının sağlamlıq və rifahı üçün nəzərdə tutulmuşdur.
Pandemiya dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Müxtəlif fəaliyyət sahələrinin bağlanması bir çox ölkələrin iqtisadiyyatına xeyli zərər vurub, geriləmə baş verib. Bu çətin dövrdə Azərbaycanda hələ də inkişaf siyasətinin davam etdirilməsi, sosial dəstək layihələrinin uğurla icra edilməsi onu göstərir ki, bizdə vəziyyət daha yaxşıdır. Bu isə cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində çevik və operativ dövlət mexanizminin qurulduğunun  bariz nümunəsidir.
Ölkəmiz pandemiya dövründə olduğu kimi, postpandemiya dövrünə də hazır olmalıdır. Pandemiya dövründə atılan addımlar, hazırlanan iqtisadi paketlər, dövlət büdcəsinə edilməsi gözlənilən dəyişiklik bu prosesin davamlı olaraq getdiyini göstərir.
Əldə olunan müsbət dinamika yenidən karantin rejiminin yumşalmasına gətirib çıxarıb. Lakin bu o demək deyil ki, biz artıq xəstəliyə qalib gəlmişik. Bir müddət öncə yumşalmadan sonra yenidən sərtləşən karantin rejiminin şahidi olmuşuq, hətta bir çox ölkələrdə erkən yumşalma, mərhələsiz atılan addımlar yoluxmanın artmağına, ikinci dalğaya səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq hər birimiz qoyulan tələb və qaydalara ciddi riayət etməliyik. Əsasən də ictimai yerlərdə sosial məsafə mütləq qorunmalı, qoruyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir.
Dövlətin əsas məqsədi vətəndaşların sağlamlığıdır. İlk günlərdən görülən işlərin nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Əldə olunan uğurlarda dövlət və vətəndaş birliyinin də payı var. Bu uğurların davamlı olmasını istəyiriksə, ardıcıl yumşalmaya getmək və normal həyata daha tez qayıtmaq üçün verilən qərarlara hörmətlə yanaşmalı və qaydalara əməl etməliyik. Çünki biz birlikdə daha güclüyük !

Keçidlər