Suraxanı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə ağacəkmə kampaniyası davam edir
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq rayonun təhsil, səhiyyə, sənaye və digər müəssisələrində silsilə tədbirlər keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, rayonun müxtəlif yerlərinə çoxlu sayda ağac əkilir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il milyonlarla ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.
03 may tarixdə Suraxanı rayonunda keçirilən növbəti ağacəkmə kampaniyasında Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində həmişəyaşıl ağacların əkilməsi davam etdirilmişdir. Ötən günlərdə bu ərazidə 2 mindən yuxarı ağac əkilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu dəfəki ağacəkmə kampaniyasında əvvəl əkilmiş ağaclara su verilmiş və daha 500 ağac əkilmişdir.
Ağacəkmədə rayon rəhbəri İlqar Abbasov, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə müəssisələrinin əməkdaşları və sakinlər iştirak etmişdir. Ağac əkilməsi ilə yanaşı ərazidə müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmış, ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.
Qeyd etmək yerinə düşər ki, rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri mütəmadi davam etdirilir, ARDNŞ və iri özəl neftqazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində son bir ildə sahəsi 7,2 ha olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilmişdir.