“Su təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyevin prioritetləri sırasındadır”
Suraxanı rayon sakini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Ədalət Mahmudov:
“Su təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyevin prioritetləri sırasındadır”
Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahədə tərəqqi və inkişaf geniş vüsət almışdır. Respublikanın paytaxtı ilə regionları arasında sosial-iqtisadi fərqin azaldılması, demokratik vəziyyətin nəzarətdə saxlanılması, regionda iş yerlərinin açılması, iqtisadi mərkəzlərin yaradılması daim dövlətin və cənab Prezidentin diqqət mərkəzindədir. Bunun üçün regionların mərhələli sosial-iqtisadi inkişafı üçün 2004-ci ildə dövlət proqramları hazırlanıb və cənab Prezidentin sərəncamları ilə artıq onların böyük bir hissəsi kompleks şəkildə həyata keçirilmiş və dövlət proqramları hələ davam etməkdədir. Bütün sahələri əhatə edən bu proqramlar sayəsində Azərbaycanın regionlarının inkişafı böyük sürətlə davam edir.
Cənab Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində regionlarda kənd təsərrüfatı xüsusilə, əkinçilik sahəsində geniş miqyaslı işlər görülür. Yeni su xətlərinin çəkilməsi, yeni artezian quyularının dövlət hesabına qazılması və istismara verilməsi uzaq görən siyasətin tərkib hissələridir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Yeraltı sular ölkədə xalq təsərrüfatının inkişafında əhəmiyyətli rоl оynayır.
Azərbaycan Respublikasının əksər şəhərlərində təsərrüfat-içməli suya оlan təlabat yeraltı suların istismarı hesabına ödənilir. Hazırda Azərbaycan Respublikasında yeraltı suların istismar ehtiyatlarının 30-40% -i istifadə оlunur ki, оnun da 15-17% -i məişət və içmək, 83-85% -i isə suvarma və texniki məqsədlər üçün nəzərdə tutulmuşdur.
Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan, müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. Ulu öndərin irəli sürdüyü bu ideya onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildən sonra istifadəyə verildi. Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında stabillik yarandı. Təsadüfi deyil ki, bu mənbədən gətirilən suyun hesabına bu gün paytaxt sakinlərinin 78 faizi fasiləsiz içməli su ilə təmin edilir.
"Azərsu" ASC-nin yaranması cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərinə təsadüf edir. İçməli su təchizatı və kanalizasiya sektorunda vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə cənab Prezident 2004-cü il iyun ayının 11-də "Azərsu" ASC-nin yaradılması haqqında Sərəncam imzalamışdır.
“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir”, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminatı 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir.
Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir: “Lakin bu uğurlara baxmayaraq, Prezident İlham Əliyevin tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin. Su çatışmazlığı əlbəttə ki, insanların gündəlik yaşayışına təsir etdiyi kimi, məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcək”.
İyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformat müşavirəyə yekun vuran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır.
Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda, digər sahələrin də tərəqqisinə əlavə təkan verib. Bu gün regionlarımızda qazlaşdırma, elektirik şəbəkələri yayılma sürəti, sayı və iş keyfiyyəti Azərbaycanı yaxşı mənada digər mütəffiq ölkələrdən fərqləndirir. Azərbaycanın ərazisinin 70%-də internet şəbəkələri yüksək keyfiyyətlə istifadə oluna bilir. Yol təssərüfatı sahəsində isə hər halda Azərbaycan Respublikası bütün dünyada çox qısa zamanda qibtə edilməli bir inkişaf xətti keçmişdir. Sadalanan infrastruktur inkişaf predmetləri regionlarda iş yerlərinin açılmasına və kapitalın cəlb olunmasına xidmət edən amillərdir.