Suraxanı rayonunda “Naxçıvan – qədim mədəniyyət diyarı” adlı elmi konfrans keçirilmişdir
02 may 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Naxçıvan – qədim mədəniyyət diyarı” adlı elmi konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konfransı Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti birgə təşkil etmişdir.
Əvvəlcə konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucalan abidəsi ziyarət etmiş önünə əklil və tər güllər qoymuş, sonra Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 130-dən yuxarı tədbir keçirilmişdir.
Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 47000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12500-dən artıq istifadəçi faydalanmışdır.
Mərkəzlə tanışlıqdan sonra Elektron lektoriya zalında konfrans Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır. Diqqətə çatdırılmışdır ki, bu konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən keçirilən tədbirlərdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransda “Nuh çıxandan – Naxçıvana: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış etmişdir. Akademik İsa Həbibbəyli muxtar respublikanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanovun “Naxçıvanın folkloru haqqında”, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Naxçıvanın ədəbi mühiti haqqında”, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun “Naxçıvanın tarixi haqqında” məruzələri dinlənilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafı, həyata keçirilən böyük quruculuq işləri barədə məlumat vermişlər. Xüsusi vurğulanmışdır ki, muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir.
Bildirilmişdir ki, gündən-günə inkişaf edən muxtar respublikada son illər uğurlu iqtisadi islahatlar həyata keçirilmiş, sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmışdır.
Sonda konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin muxtar respublika ilə bağlı fəaliyyətini əks etdirən fotoslayda baxmışlar.