Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan bütün hərbi qulluqçularımızın ailələrinin də qayğıları öyrənilir və onların həlli istiqamətində mühüm addımlar atılır.

22 iyul 2020 | 16:00

Nailə Məhərrəmova - Suraxanı rayon sakini

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır.  Son 17 ildə görülən işlər də təsdiq edir ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da göstərdi ki, Azərbaycan dövləti ən çətin məqamlarda belə vətəndaşını tək qoymur, problemlərin həlli istiqamətində bütün lazımi tədbirlər görülür.
Yəqin ki, çoxlarının yadındadır 2016-cı ildə Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində də bərpa işləri görülmüş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı. Bununla yanaşı, son zamanlar bəşəriyyəti ciddi narahat edən yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində də həyata keçirilən təxirəsalınmaz tədbirlər ölkədə əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladığını sübut etdi.
Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan bütün hərbi qulluqçularımızın ailələrinin də qayğıları öyrənilir və onların həlli istiqamətində mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən şəhid general Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə mənzillərin təqdim olunması, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın tapşırğı ilə Tovuz döyüşlərində şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğıları  Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi dövlətimizin pandemiyanın hökm sürdüyü zamanda belə şəhid ailələrini unutmadığını, onların problemlərinin həllini daim diqqət mərkəzində saxladığını göstərir. Artıq uzun illərdir ki, ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində sistemli addımlar atılır ki, bu da sözügedən ənənənin davamıdır. Bu gün Azərbaycan dünya miqyasında ən çox sosial layihələr həyata keçirən nadir ölkələrdəndir. Dünyada ikinci belə bir dövlət yoxdur ki, şəhid ailələri, müharibə əlilləri və onların ailə üzvlərinə bu qədər qayğı göstərilsin. Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir.

Keçidlər