Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdlərinə müasir Azərbaycan tarixinin tədrisi uğurla davam edir
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyecin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə cari ilin fevral-may aylarında Mərkəzdə 11-ci sinif şagirdlərinə tədris olunması üçün rayonun bütün məktəblərini əhatə edən qrafik tərtib etmiş, ixtisaslı tarix müəllimlərindən və ölkəmizin nüfuzlu ali təhsil və elmi müəssisələrində çalışan tarixçilərdən ibarət tərkib seçmişdir. Dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin qeyd olunduğu günlərdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda növbəti dərs rus və ingilis dillərində 76, 87, 141, 290 nömrəli tam orta məktəblərin rus bölmələrində və Xarici Dillər Gimnaziyasının ingilis dili bölməsində təhsil alan 11-ci sinif şagirdlərinə tədris olunmuşdur.
11-ci sinif şagirdləri əvvəlcə Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Rayonun Heydər Əliyev parkında olmuş, parkla tanışlıqdan sonra Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidənin önünə tər güllər qoymuşlar.
Şagirdlər daha sonra Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, 2009-cu il may ayının 4-də fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 130-dən yuxarı tədbir keçirilmişdir.
Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 47000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12500-dən artıq istifadəçi faydalanmışdır.
Mərkəzlə tanışlıqdan sonra Elektron lektoriya zalında Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsində şagirdlərə uğurlar arzuladı və şagirdlərin diqqətinə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün mümkün ola bilən hər bir işi görüb.
Sonra dərs başladı. “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda dərsin tədrisi zamanı ana ekranda dərs müvafiq foto-video materiallarla tədris olunarkən Mərkəzdə quraşdırılmış ekranların birində memarı və qurucusu Ulu Öndər olan Müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugüngü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, digər ekranda isə Suraxanı rayonunda gedən abadlıq və quruculuqdan bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılmışdır.
Mövzunu tədris edən müəllimlər Adilə Qarayeva, Xanımgül Nəzərova, Şirmayıxanım Səfərova, Esmiralda Hacıyeva, Vaqif Abbasov şagirdlərin diqqətinə çatdırdılar ki, Heydər Əliyevin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.
Dərsdə xüsusi vurğulamışdır ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasət əbədiyaşardır və onun xatirəsi Azərbaycan xalqı var olduqca yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Sıçrayışlı inkişaf və modernləşmə dövrünü yaşayan Müasir Azərbaycanımız yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edərək, iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır.
Xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılan açıq dərs canlı diskusiya şəklində davam etdirilmiş və şagirdlərin çoxsaylı sualları cavablandırılmışdır.
Dərs Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” filminə baxışla yekunlaşmışdır.