Şriftin ölçüsü :

Saytın rəngi :

Yer üzündə Vətənin müdafiəsindən daha şərəfli bir vəzifə yoxdur

17 iyul 2020 | 16:00

84 nömrəli məktəbin direktoru Şəfəq İbişova
Türk tarixində İslamdan əvvəl də,  sonra da bir  qəhrəmanlıq  və şərəf duyğusu mövcud olmuşdur.  Hər bir türk əsrlər boyu  vətəni, milləti, bayrağı, dövlət himni, silahdaşları və müqəddəs dəyərləri uğrunda mübarizə aparmışdır. Və bu gün ulu babalarımızın  varisləri öz xidmətlərini layiqincə yerinə yetirirlər, sərhədlərinin və ərazisinin təhlükəsizliyini təmin edir, dövləti qorumağın ən vacib vəzifə olduğunu nümayiş etdirirlər.  XX əsrin sonlarında istəmədən cəlb olunduğumuz Dağlıq Qarabağ münaqişəsində millətimiz bunun ən bariz nümunəsini yaşadı.
Hər kəsə məlumdur ki, Azərbaycan sülhsevər bir xarici siyasət yürüdür və beynəlxalq aləmdə sabitliyə can atır, eyni zamanda müasir, ziddiyyətli bir dünyada öz təhlükəsizliyini təmin edə bilir. Ordumuz bu gün ölkəmizin varlığının,  daxili və xarici düşmənlərə qarşı mübarizəsinin ən böyük qarantı, xalqımıza birlik və həmrəylik içində etibarlı bir mühitdə yaşamağa və həyatlarını etibarlı şəkildə davam etdirməyə imkan verən gücdür.   Bu şərəfli ordu, milli varlığımızı qorumaq üçün yüz minlərlə şəhid verən cəsarət və şərəf  dolu bir ordunun varisidir.  Vətənə sevgi bu  ordunun əsas xüsusiyyətidir. Onların fədakarlığı, əzmkarlığı, düşmənə qarşı qətiyyəti Vətənə müqəddəs sədaqətin əbədi bir nümunəsidir.  Qəhrəmanlığı sözlə yox, əməllə sübut edən igid oğullarımız  xalqımızın şanlı ənənələrinə, şücaət və cəsarət amallarına hər zaman sadiqdir.
Ölkəmiz üçün çox əhəmiyyətli bir dövrü keçirik. Birliyimizi və həmrəyliyimizi göstərməli olduğumuz günləri yaşayırıq. Birliyimizin və həmrəyliyimizin əsası, ən böyük səbəb vətən sevgisidir. Tarixin müxtəlif dönəmlərində  olduğu kimi bu gün də millətimizin yaşaması, bölünməz bütövlüyü və birliyi üçün qəhrəmancasına mübarizə aparırıq.   Son günlər Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni təxribatı ordumuzun gücünü bir daha sübut etdi.  Rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti bu döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək yurdumuza sahib çıxmaq istəyən erməni işğalçılarına layiqli cavab verdi.
Bu gün ölkəmizin hər bir vətəndaşı əmindir ki, getdiyimiz yenilik, inkişaf və sivilizasiya yolunda  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın qəlbini güvən və qürur hissi ilə dolduran şanlı ordumuzun əzmkarlığı sayəsində qələbə hər zaman bizimlə olacaq.

Keçidlər