“Bütün siyasi kəsim imzalanan Birgə Bəyanatda öz iradəsini ifadə edib”
Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müşaviri, Qaraçuxur Bələdiyyəsinin üzvü Leyla Cahangirova
İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonunda sərhəd xəttindəki mövqelərini artilleriya qurğularından atəşə tutub. Lakin hər zaman olduğu kimi yenə də Azərbaycan ordusu öz məharətini, şücaətini layiqincə göstərmiş və düşmən tərəf öz cavabını almışdır. Ermənilərin niyyəti bütün dünyaya bəlli olsa da, onlar yenə də öz mənfur əməllərindən əl çəkmirlər. İşğalçılıq siyasəti yürüdən, beynəlxalq qanunları pozan, danışıqlar masasından müxtəlif bəhanələrlə qaçan Ermənistan Respublikası artıq tarixin yalançı simasına çevrilmişdir. Nə qədər özləri və ordusu haqqında müsbət rəy yaratmağa çalışsa da, bunu bacarmadılar. Hazırda bütün dünyanı bürümüş pandemiya dövründə hər kəsin bəşəri təhdidə qarşı bir olacağı, həmrəy olacağı, ölkələrin bir-birinə dəstək verməli olduğu bir zamanda bu narahatlıqlar üzərinə ermənilərin etdiyi bu hərəkət bir daha onların mənfur bir millət olduğunu sübut etdi. Azərbaycan xalqı isə öz birliyini, vətənə sədaqətini, millətinə vurğunluğunu, hər bir qarış torpağına dəyər verdiyini, şəhidlərinin ruhu qarşısında baş əydiyini Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində, həmçinin ölkənin digər şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirərək nümayiş etdiriblər. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər. Bu aksiyada iştirak edənlərin əksəriyyəti gənclər olmaqla,, hər nəslin nümayəndəsi var idi. Onlar şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Əslində, bütün Azərbaycan əhalisinin ordumuza və dövlətimizə verdiyi dəstək ifadəsi qürurvericidir. Ermənilər tərəfdən zabitlərin döyüş bölgəsindən qaçdığı halda, bu gün bizim millətimizin minlərlə mərd oğul və qızları könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün rəsmi olaraq müraciət ediblər. Bu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə qalmasını göstərir. Hamının ordu ilə, Ali Baş Komandan ilə bir yerdə olduğunu göstərir. Üzvü olduğum Milli Dirçəliş Hərəkatı Partiyasının da qoşulduğu, 43 partiyanın verdiyi bəyanatda da bu öz ifadəsini tapıb.
Bütün siyasi kəsim demək olar ki, bu məsələdə öz iradəsini ifadə edib. Amma küçələrə çıxmaq və ya hər hansı formada dəstək ifadə edənlər iki fərqli qrup insanlar ola bilər. Bir qismi səmimi şəkildə bu məsələlərə vətənpərvərlik mövqeyindən əl qoyurlar və biz bunları təqdir edirik.
Hər bölgədə, hər yerdə vətənpərvər insanlarımız var. Amma hərə bir yerdə qrup halında qərar verib onun icrası ilə məşğul ola bilməz. Bu mümkün deyil və effektli ola bilməz. Bu pozucu bir işə çevrilə bilər. İkinci qrup adamlarsa, bu məsələdə insanların duyğusundan istifadə edib təxribat törədənlərdir.
Çox təəssüflər olsun ki, ordu ilə həmrəylik, şəhidlərimizə göstərilən rəğbət sonda xüsusi hazırlanmış, təxribatçı qüvvələr tərəfindən, başqa dövlətlərin burda olan maşaları tərəfindən təxribata çevrildi.
İyulun 14-də baş tutan aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin aksiya zamanı bir qrup təxribatçılar Milli Məclisin binasına doğru yol almağa başlayıb, içəri daxil olublar. Onlar Qarabağa gedən yolun Milli Məclisdən keçmədiyini bildiyi halda, bu çətin, şərəfli yolda dövlətin, hakimiyyətin ətrafında sıx birləşməli olacaqları təqdirdə, düşmənin dəyirmanına su tökdülər. Çünki düşmən təkcə cəbhədə deyil.
Biz çalışmalıyıq ki, bu məsələnin qarşısı çox qətiyyətlə alınsın. Belə məqamlarda arxa cəbhə ön cəbhə qədər, bəlkə ondan daha artıq önəmlidir. Əvvəla əsgərin fikri arxa cəbhədəki hadisələrdə qalmalı deyil. Biz şəhid veririk, generalımız, əsgər və zabitlərimiz, mülki şəxslər şəhid olub, burda isə kimsə Milli Məclisin binasına daxil olur, insanların duyğusundan istifadə edir, bölücü, təxribatçı fikirlər söyləyir. Belə halda əsgərlərimiz hansı əhval ruhiyyəni yaşayar? Azərbaycan ordusu daha ciddi döyüşlərə hazırlaşdığı bu dönəmdə Ermənistan tərəfdə bir çaşqınlıq var idi. Onlar Azərbaycan ictimai rəyini gördükdə çox narahat olmuşlar. Topdan, tüfəngdən çox ölkədəki əhalinin birliyi düşmən tərəfi çox sarsıdır. Hamımız, bütün partiyalar da, vətəndaşlar da belə məqamlarda ölkəmizə zərər gətirəcək addımların qarşısını almaq üçün səyləri birləşdirməli, dövlətimizin yanında olmalıyıq.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində başladığı əməliyyatlar müharibəyə yeni bir mahiyyət verir. Yəni, indiyə qədər Ermənistan tərəf daha çox istəyirdi ki, danışıqlar formatı da dəyişsin və tərəf kimi Dağlıq Qarabağda quraşdırdıqları separatçı rejimin “Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə danışıqlar aparılsın. Dolayısı ilə onlar bildirmək istəyirdilər ki, proseslərdə Ermənistanın əli yoxdur və Azərbaycan ərazilərini işğal edənlər elə buradakı separatçı rejimin hərbi qüvvələridir. Əlbəttə, biz MDHP olaraq həmişə öz faktlarımızla Ermənistan tərəfdən ortaya qoyulan bu iddiaları müxtəlif platformalarda alt -üst eləmişik. Baş verən son hadisə həm də onu göstərdi ki, Ermənistan Dağlıq və Aran Qarabağdan çox-çox aralıda hərbi əməliyyata başlamaqla müharibədə tərəfdir və bunu bir daha təsdiqlədi. Bu bir çox məkrli planları həyata keçirməyə hesablansa da, Azərbaycan Ermənistan ərazilərinə daxil olmamaqla bu planları pozdu. Ermənistan tərəfi çalışdı ki, Azərbaycan tərəfini Dağlıq və Aran Qarabağda yox, Qarabağdan uzaq bir yerdə Ermənistanın içərisinə irəliləməyə təhrik etsin. Azərbaycan ordusu da, bu bölgədə Ermənistan ərazisinə daxil olmadı, ermənilərə uzaq məsafədən cavablar verildi, atəş nöqtələri susduruldu. Sərhədləri qorumaq şərti ilə, paralel olaraq Ermənistanın Aran və Dağlıq Qarabağda yerləşən işğalçı ordusu zərərsizləşdirilməlidir, darmadağın olunmalı, məhv edilməlidir. Bizim əməliyyatlarımız daha çox öz ərazilərmizdə keçirilməlidir. Bunun üçün Ermənistan o fürsəti bir daha veribdir. Biz Ermənistan ərazisinə girib əməliyyat aparmadıq və aparmırıq. Amma işğal olunmuş ərazilərimizi azad eləmək haqqımızdır. Ermənistan ordusunu zərərsizləşdirmək əməliyyatlarını keçirmək məcburiyyətindəyik. Tovuz rayonunda baş verən hadisələri ayrıca götürmək olmaz. Ermənistan tərəfi Naxçıvan istiqamətində də əməliyyatlar keçirdi.
Bu dəfə, Ermənistan tərəfi gözlədiyi nəticəni almadı. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının da dəstəyini almadı və ATƏT-in rəhbərliyinə də müraciət eləmişdi, oradan da istədiyi nəticəni almadı. Artıq ermənilər anlayırlar ki, bu 2016-cı il deyil. Sığortalanmayıblar. Azərbaycan tərəfi üçün də bu bir test oldu.
Sonda fikrimi Azərbaycanın Ali Baş Komandanı, Cənab Prezidentin bir fikri ilə bitirmək istəyirəm. “Biz öz torpağımızda vuruşuruq, Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.