Şriftin ölçüsü :

Saytın rəngi :

“Sevindirici haldır ki, hətta ən xırda siyasi məsələlərdə belə ortaq mövqeyə gələ bilməyən, siyasi partiyalarımız vətən, dövlət, millət və milli maraqlar naminə birgə addımlaya bilirlər.”

17 iyul 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev:

Xalq, millət anlayışını formalaşdıran ən vacib amil ortaq tale və tarixin sınağından çıxan insan topluluğunun baş vermiş hadisələrə birgə münasibəti və kollektiv davranış qaydalarıdır. Əgər tarixin müxtəlif mərhələlərində sınaqlardan üzü-ağ, vahid, bölünməz şəkildə insanlar birgə çıxa bilirlərsə, deməli özlərini etnik, dini və milli birlik kimi formalaşdırıblar.
İnsanları bir-birinə yaxınlaşdırmaq üçün bayramlar, xoş günlərlə yanaşı çətin və faciəvi anların da rolu böyükdür. Məsələn Topxana meşələrinin yandırılması və “20 Yanvar” hadisələrindən sonra Azərbaycan xalqında müstəqillik duyğuları yenidən baş qaldırdı. Xalqımız uzun illər xidmət etdiyi, güvəndiyi ordunun əslində onun ordusu olmadığını bir gecədə anladı. O zaman Azərbaycan əhalisi heç bir dini, milli, siyasi mənsubiyyət ayırımı etmədən meydanlarda axışdı. Gündəlik həyatlarında bir-birilərini, düşüncə tərzlərini, məsələlərə yanaşmalarını yad sayan kimsələr eyni şəhid tabutlarının altına çiyinlərini saldılar. Bu, xalq olmağın ən ümdə keyfiyyətlərindən biri idi.
Azərbaycan xalqı müdrik və qəhraman xalqdır. Xalqımız tarixin bütün mərhələlərində birləşməyə və xalqımıza yönəlmiş müsibətlərə, törədilmiş təxribatlara qarşı mübarizə aparmağa qadir olmuşdur.
Tale və təbiət vətənimiz Azərbaycana qarşı çox əli açıq davranmış, təbii sərvətlərimizlə yanaşı, xalqımıza gözəl milli və etnik xüsusiyyətlər verilmişdir. Çətin anda birləşmək, yumruq olmaq bizə tarixin ən dəyərli mirasıdır. Bizim soykökümüz və milli dəyərlərimiz buna bizi sövq edir.
Xalqımızın bir yaxşı el misalı var, deyərlər ki, “qonşun pisdir köç qurtar”. Lakin vətəndən, ana torpaqdan, babalarımızın məzarlarından, balalarımızın məskənindən necə əl çəkib, getmək olar ki?! Ermənilər xalqımızın bağrına hər zaman sağalmaz yaralar vurub. Bu gün də onlar öz mənfur əməllərindən əl çəkmir, xalqımıza dövlətimizə qarşı məkirli siyasətini açıq şəkildə həyata keçirdirlər.
Belə çətin bir məqamda hər birimiz öz şəxsi mənafelərimizi, siyasi mənsubiyyətimizi, dünyaya baxış tərzlərimizi dəyişməliyik. İndi nə siyasi gedişlərin, nə də siyasi oyunbazlıqların vaxtıdır. Bu gün Azərbaycan siyasi palitrasında son rəsmi məlumatlara görə 55 leqal siyasi partiya fəaliyyət göstərir. Əlbəttə siyasi partiyaların əsas məramı və məqsədi xalqın etimadını qazanaraq qanuni yollarla hakimiyyətə gəlməkdir. Hər bir siyasi partiya ayrı siyasi və sosial bazaya malikdir. Eyni zamanda xalqın etimadını qazanmaq məsələsində də Azərbaycanda fəaliyyət göstərən partiyaların hər birinin, özünün belə müxtəlif yanaşmaları var.
Bu gün ölkəmiz, dövlətimiz çətin vəziyyətdə, düşmənlə qarşı-qarşıyadır. İndi bizə ayrı-ayrı siyasi yanaşmalardansa vahid bir milli baxış lazımdır. İndi cənab Prezidentin öz sözləri ilə desək, odla oynamağın vaxtı deyil. Bu milli məsələdir və birləşmək ayrı-ayrı siyasətləri tərənnüm etməkdən daha faydalıdır.
Milli və dövlət maraqlarını, şəxsi və partiya maraqlarından üstün tutmağın əslində xüsusi bir vaxtı olmur, olmamalıdır da! Bu bizim vətəndaşlıq borcumuzdur. Lakin bu borcu həyat tərzinə çevirə bilməyənlərə məsləhətimizdir ki, heç olmasa bax belə xüsusi anlarda birləşmək və dövlətinə xidmət etmək üçün öz siyasi ambisiyalarını bir kənara qoysunlar.
Başda sədrimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev olmaqla doğma partiyamız hakimiyyət partiyası olaraq üzərinə düşən bütün vacib vəzifələr, fəaliyyətlər sahələri kimi vətəndaş cəmiyyətində demokratik mühitin yaradılması, azad seçki mühitinin vətəndaşlar arasında formalaşdırılması, ictimai müzakirələrin cəmiyyətin bütün kəsimləri arasında aparılması və siyasi partiyaların dövlətin idarə olunmasında iştirakı üçün mühim addımlar atır.
Dəfələrlə cənab Prezident və YAP sədrinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası ölkəmizdə mövcud siyasi partiyalarla, hətta müxalifətdə təmsil olunan siyasi qurumlarla eyni dialoq masası arxasında oturmuş, ümummilli məsələləri müzakirə etmişdir. Doğma partiyamız hakimiyyət partiyası olmağın məsuliyyətini dərk edərəkdən bir neçə dəfə ölkədə aparılan cənab Prezidentin islahatlar kursuna uyğun olaraq ciddi və təqdirə layiq addımlar atmışdır. Elə bu ilki növbədənkənar Parlament seçkilərinin keçirilməsi üçün irəli sürdüyü təşəbbüs bütün cəmiyyətimiz tərəfindən böyük hörmət və ehtiramla qəbul olundu.
Bu gün yenə Yeni Azərbaycan Partiyası öz məsuliyyətini yetərincə dərk edərək ölkənin digər siyasi partiyalarının əksəriyyətini öz ətrafına, daha doğrusu milli maraqların ətrafına yığa bilmişdir. Düşmənlə qanlı döyüşlər kəskin şəkildə gedərkən milli maraqları siyasi maraqlardan üstün tutan siyasi partiyalar bir bəyanat imzalayaraq, vahid bir mövqe ortaya qoya bilmişlər.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların imzaladığı mühim tarixi əhəmiyyətə malik bəyanatda xüsusi qeyd olunur ki, siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşir. Xalqımızı həmrəyliyə, vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyir. Eyni zamanda şanlı ordumuzla qürur duyan, onunla bir olduqlarını ifadə edən siyasi partiyaların təmsil etdikləri siyasi görüşlər bir-birilərindən kəskin fərqlənsə də, onlar ortaq qayə ətrafında-vətən, dövlət, millət və milli maraqlar naminə birgə addımlaya bildilər.
Bir məqamı həm dostlarımız, həm də düşmənlərimiz yaxşı anlayıb, duysunlar ki, nə Azərbaycan 90-cı illərdə ki, Azərbaycandır nə də bu gün xalqımızın məsələlərə yanaşması o vaxtın qaragüruhçularına sərf edəcək müstəvidə deyildir. Radikal müxalifətdə təmsil olunan AXCP və millilikdən nəsibini almamış Milli Şura bu bəyanata da imza atmayaraq yenidən özlərinin marginal, anti milli mövqelərini ortaya qoymuş oldular. Əməllərində radikallıq, pozuculuq, təxribatçılıq olan bu ünsürlərə qarşı həm Azərbaycan xalqı və həm də qanunlarımız mütləq lazımi ölçü götürəcəkdir.
Bu tarixi sənəd özü belə dünya miqyasında haqq işimizə beynəlxalq hüquq normaları çərçivəsində yanaşılmasına ciddi kömək edən amillərdən biri sayıla bilər. Ən azından dünyada vahid bir fikir formalaşacaq ki, Azərbaycan xalqı üçün ərazi bütövlüyü məsələsi siyasi maraq deyil. Azərbaycan cəmiyyətini təşkil edən siyasi partiyalar bütün siyasi və şəxsi maraqlarını milli maraqlara qurban verəcək qədər hörmətə layiqdir. Bu möhtəbər keyfiyyətlər yalnız demokratik cəmiyyətlərə və müdrik xalqlara məxsusdur.

Keçidlər